HEÇ BİR MÜNAQİŞƏ AZƏRBAYCANIN BEYNƏLXALQ ƏHƏMİYYƏTİNİ AZALDA BİLMƏZ İSPANİYA RƏSMİSİ DƏ BU FİKİRDƏDİR
Qonağı səmimi salamladıqdan sonra parlamentin sədri demişdir ki, İspaniya Avropada böyük nüfuza malik, qabaqcıl ölkələrdəndir. Azərbaycan isə Avropanın ayrılmaz bir hissəsi və Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsidir. Təəssüf ki, ölkələrimiz arasında əlaqələr bu günə qədər istənilən səviyyədə inkişaf etməmişdir. Azərbaycan İspaniya ilə əlaqələrin inkişafında maraqlıdır. Milli Məclis İspaniya parlamenti ilə əməkdaşlıq etməyə hazırdır.
Sonra Murtuz Ələsgərov Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ermənilərin təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal olunması, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşməsi, rəsmi Bakının mövqeyi barədə qonağa ətraflı məlumat vermişdir.
Ramon de Migel demişdir ki, Azərbaycana səfərdən məqsəd ölkələrimiz arasında əlaqələr qurmaqdır. Prezident İlham Əliyevlə keçirdiyim görüşdə bu barədə danışmışıq. İspaniya Azərbaycanla hər sahədə, xüsusən də ATƏT, AŞ, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatlarda əməkdaşlıq etməyə hazırdır.
O, vətəninə qayıtdıqdan dərhal sonra ölkələrimiz arasında çox yaxın zaman kəsiyində parlamentlərarası əlaqələrin qurulmasına çalışacağını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq demişdir ki, bu problem təkcə Azərbaycanın deyil bütövlükdə regionun inkişafına mane olur. Buna baxmayaraq, heç bir münaqişə Azərbaycanın beynəlxalq əhəmiyyətini azalda bilməz və İspaniya da bu ölkə ilə əlaqələrin inkişafında maraqlıdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.