Hədəfimiz yarışda yaxşı nəticələr əldə edib növbəti mərhələyə yüksəlməkdir
Bakı, 24 iyun, Məmməd İsayev, AZƏRTAC
Bugünkü yarış dünənki kimi çətin idi. Biz dünənki məğlubiyyətdən sonra oyunumuzu təhlil etdik və səhvlərimizi təkrarlamadıq. Ancaq bu gün güclü oyun nümayiş etdirdik. Dünən söz verdiyimiz kimi bu gün qalib gəldik.
Bu fikirləri basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanova AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, bu gün ruh yüksəkliyi ilə oynadıq və qələbə qazandıq. Mən deməzdim ki, bu oyunda rəqibimiz dünənkindən zəif idi. Bizim qrupumuzda bütün rəqiblərimiz güclüdür. Oyunda güclü olan qələbə qazanır. Biz isə bu gün güclü idik. Hər oyun sonadək mühüm əhəmiyyət kəsb edir.
Dina Ulyanova deyib ki, növbəti oyunda Yunanıstan komandasına qalib gəlmək istəyirik. Çətin oyun olacaq. Amma qələbə qazanacağımıza inanıram. Hədəfimiz yarışlarda yaxşı nəticələr əldə edib növbəti mərhələyə yüksəlmək, ilk Avropa Oyunlarının qızıl medallarını qazanaraq basketbol azarkeşlərimizi sevindirməkdir.