Həftənin birinci günü Tokioda 91 nəfər koronavirusa yoluxub
Tokio, 13 aprel, AZƏRTAC
Tokio hökuməti nümayəndələrinin bildirdiyinə görə, aprelin 13-də 91 nəfər koronavirusa yoluxub. Bununla da Yaponiya paytaxtında koronavirusa yoluxanların ümumi sayı 2158 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu, son altı gündə Tokioda ilk dəfə 100-dən az yeni yoluxma halının qeydə alındığı gün olub. Buna qədər 79 nəfərdə COVID-19 aprelin 7-də aşkar edilmişdi.
Xatırladaq ki, Yaponiyanın Baş Naziri Şinzo Abe məhz həmin gün Tokioda və daha altı prefekturada fövqəladə vəziyyət rejimin tətbiq olunacağını elan etmişdi. Bundan sonra paytaxt hökuməti bütün vasitələrdən istifadə edərək sakinlərdən evdə qalmağı, ehtiyac olmadıqda küçəyə çıxmamağı xahiş edir.
Bundan əlavə, univermaqların, restoranların və əyləncə yerlərinin bağlanması, kütləvi tədbirlərin keçirilməməsi də xahiş olunur.
Əlavə olaraq qeyd edək ki, aprelin 13-nə olan son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 7411 nəfərə çatıb. Onlardan 138-nin öldüyü bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio