Həkim, bilirəm ki, ayaqlarımın ikisi də yoxdur...
Bakı, 21 dekabr, AZƏRTAC
“Məni ən çox heyrətləndirən yaralı əsgər və zabitlərin yurd sevgisi, torpaqlarımızı yağı düşməndən təmizləmək arzusu və bu yolda onların nümayiş etdirdiyi fədakarlıq və iradə idi”, - deyə Vətən müharibəsi günlərində Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki Diaqnostika Mərkəzində anestezioloq-revmatoloq kimi fəaliyyət göstərən Elşən Əliyev söhbət açır.
AZƏRTAC xəbər verir ki, Elşən Əliyev 1984-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 30 ildən artıq Ə.D.Məlikov adına 6 saylı Birləşmiş şəhər Xəstəxanasında işləyib, hazırda həmin xəstəxanada təcili yardım şöbəsinin müdiridir.
O, sentyabrın 27-də xəstəxanada növbədə olub. Vətən müharibəsinin başlandığını eşidən Elşən xəstəxananın rəhbərliyinə müraciət edərək könüllü olaraq cəbhəyə getmək arzusunu bildirib. Elə oradan da birbaşa döyüş bölgəsinə yola düşüb.
-Böyük Bəhmənlidəki Diaqnostika Mərkəzinin reanimasiya şöbəsi 6 çarpayılıq idi. Əlbəttə, bu, axın-axın yaralının gəldiyi həmin ağır günlərdə qətiyyən kifayət edə bilməzdi. Dərhal çarpayıların, eləcə də süni nəfəs aparatının sayını 9-a çatdırdıq, monitorların sayı artırıldı, - deyə həkim davam edir. - Dörd əməliyyat otağında fasiləsiz olaraq həyatla-ölüm arasında mübarizə gedirdi. Neyrocərrahların, damar və üz-çənə cərrahların işi həddindən çox idi. Elə əməliyyatlar olurdu ki, onlar 10-12 saat masa arxasında çalışaraq yaralını xilas etmək, ölümün pəncəsindən almaq üçün çalışırdılar.
-Təəssüf ki, yaralıların ad və soyadları yadımda qalmayıb. Polad adlı bir döyüşçü Qubadlının girəcəyində topuqdan iki ayağını itirmişdi. Çox istəyirdim ki, o, özü necə deyərlər, isti-isti bundan xəbər tutmasın. Əvəzində o, özü bütün həkimləri təəccübləndirdi. Dedi, həkim, mən bilirəm ki, ayaqlarımın ikisi də yoxdur, amma mən bura şəhid olmaq üçün gəlmişdim. Görünür ki, şəhid olmaq qismətimdə yox imiş... Bakıdan bir döyüşçü xatirimdə qalıb, gərək ki, adı Alik idi. Çiynindən və sol qolundan yaralanmışdı. Hospitalda əməliyyat olunandan sonra onu ikinci əməliyyat üçün Bakıya təxliyə etdik. Həmin döyüşçü tez-tez telefonla komandirinə zəng edib deyirdi ki, mənim heç nəyim yoxdur, amma həkimlər buraxmırlar, siz məni burdan azad edin, döyüş mövqeyinə qayıdım. Dövlət Təhlükəsizlik Xidmətindən Səbuhi adlı yüksəkrütbəli zabit var idi, döş qəfəsindən snayper yarası almışdı, onun da üzərində həkimlər çox əziyyət çəkdilər, bir sutkadan sonra Bakıya göndərdik. Daha bir döyüşçü var idi, səhv etmirəmsə, Bakıdan idi, Toğrul adında, ilkin əməliyyat etdik. Sonra onu Bakıdakı hospitala təxliyə etmək üçün danışıqlar aparırdıq. Heç cür razılaşmaq istəmirdi və cəbhədəki mövqeyinə qayıtmaq istəyirdi. Axırı məcbur olub başa saldıq ki, sən yeriyə bilmirsən, bu vəziyyətdə hara gedirsən? Dedi ki, onsuz da biz orda yerimirik ki, sürünürük... Yəni bu səhnələri, mənzərələri görəndə heç kəs özünü saxlaya bilmirdi...
Elşən həkim bir epizodu da ürək ağrısı ilə xatırlayır: - Snayper gülləsinə tuş gəlmiş əsgərin beyni dağılmışdı, üz-gözü tanınmaz vəziyyətə düşmüşdü. Neyrocərrah Bəhmən həkim beyin fəaliyyətini bərpa etmək üçün onun üzərində saatlarla zəhmət çəkdi, çox böyük əziyyət hesabına əsgəri əməliyyat edib reanimasiya şöbəsinə göndərdi. Lakin bir sutkadan sonra onu həyatda saxlamaq mümkün olmadı... Elə olurdu ki, 20-22 saat fasiləsiz əməliyyat aparır, yemək də yadımıza düşmürdü. Əməliyyatdan çıxandan sonra bir-birimizə deyirdik ki, deyəsən heç dünəndən bəri dilimizin altından heç nə keçməyib...
Mən noyabrın 13-də yaralı vəziyyətdə olan döyüşçülər reanimasiya otağından çıxandan sonra Bakıya qayıtdım. Vətən torpağının azad olması, xalqımızın qazandığı möhtəşəm qələbə sevinci hər şeyi unutdurmuşdu. Amma inanın ki, evə qayıdandan 15-20 gün sonra da yuxuda səksənir, qulağıma yaralı əsgərlərin səsi gəlirdi...
Öz humanist peşəsi ilə Vətən müdafiəçilərinin sağlamlığı keşiyində dayanan həkim Elşən Əliyev həmin günlərdə yerli əhalinin göstərdiyi həmrəylik, birlik və vətənpərvərlik nümunəsindən də ağızdolusu danışdı: - Kəndin gəncləri bütün sutka boyu xəstəxananın həyətində növbə çəkir, yaralıların yerləşdirilməsində, xəstəxananın şöbələrinə paylanılmasında çox böyük fədakarlıq göstərirdilər. Yerli həkim və tibb işçiləri, xadimələr evlərinə getmirdilər, döşəmənin üstündə 2-3 saat bir çimir yuxu alıb işlərinə davam edirdilər. İxtiyar yaşında analar, nənələr iki balışı qoltuğuna vurub gətirirdilər ki, bəlkə yaralıların ehtiyacı var. Hərçənd ki, heç nədən korluq yox idi, bununla belə yerli əhali cəbhəyə gedən maşınların yük yerinə ən müxtəlif ərzaq və mallar yığıb doldururdu. Görünür ki, qazanılan Qələbə, böyük Zəfər də elə bu birliyin, həmrəyliyin sayəsində oldu.