Henri Yunqhaepel: Birinci Avropa oyunlarının çempionu olmaq istənilən idmançının arzusudur
Bakı, 18 iyun, Əziz Məmmədov, AZƏRTAC
Bu gün həyatımın ən xoşbəxt günlərindən biridir. Bakıda birinci Avropa Oyunlarının çempionu olmaq hər bir idmançının arzusudur. Bu gün, demək olar, hər şey yağ kimi getdi. Mən sadəcə əsaslı və yaxşı çıxış etməyə çalışdım və buna da nail oldum.
Bu sözləri birinci Avropa Oyunlarının güllə atıcılığı (tüfəng, uzanan vəziyyətdə) üzrə çempionu, Almaniya atleti Henri Yunqhaepel söyləyib. Almaniyalı atlet Bakıya səfəri, birinci Avropa Oyunları barədə təəssüratlarını bölüşərək deyib: “Bakıya, sürətlə inkişaf edən ölkənizə səfərim məndə çox güclü təəssüratlar oyadıb. Birinci Avropa Oyunlarının iştirakçıları Bakıda özlərini yaxşı hiss edirlər. Onlar Atletlər Kəndində səmərəli vaxt keçirirlər. Məsələn, Atletlər Kəndində idmançılar velosiped sürür, gəzintiyə çıxır, məşq edir və müxtəlif oyunlar oynayırlar. Hesab edirəm ki, birinci Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün möhtəşəm hadisədir. “Bakı - 2015” fantastik təşkil edilib, hər şey idealdır. Heyrət içindəyəm. İnsanlar xeyirxah və gülərüzdürlər. Mənim üçün də elə bu vacibdir”.