Hərbçilərin sosial problemlərinin həlli Ali Baş Komandanın qarşıya qoyduğu prioritet məsələlərdəndir
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycanda müasir ordu quruculuğu, bu prosesdə Azərbaycan standartlarının yaradılması və tətbiqinin uğurlu nəticələri, şəxsi heyətin təminatı məsələlərinin yüksək səviyyədə həll olunması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin daim diqqətində olan məsələlərdəndir.
Bunu AZƏRTAC-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
E.Aşırlı deyib ki, realist paradiqmaya görə bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri onun gücü ilə şərtlənir. Tarixən dəyişməyən reallıqlardan biri də odur ki, ordu güc amilinin ən vacib həlqəsini təşkil edir. Beynəlxalq münasibətlərə dair əksər nəzəri konsepsiyalarda silahlı qüvvələr milli dövlətin müstəqilliyini və təhlükəsizliyini təmin edən başlıca faktor kimi təsbit olunub.
“İyunun 25-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında ordu quruculuğundan danışarkən bildirdi ki, bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir.
Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemini nəzəri və praktiki cəhətdən mükəmməl bilməsi Azərbaycan Respublikasının beynəlxalq və regional müstəvidə aparıcı ölkə halına gəlməsində müstəsna rol oynayır. Şübhəsiz ki, dövlətimizin başçısının siyasi, iqtisadi və hərbi bilik və bacarıqları sayəsində bu gün ölkəmiz beynəlxalq münasibətlər sistemində əsas aktorlardan biridir”.
Analitik qeyd edib ki, son dövrlər Azərbaycan Ordusu düşmənin qurğu və infrastrukturlarını məhv edəcək yüksək dəqiqlik və dağıntı gücünə malik ən müasir silahlar, hərbi texnikalarla təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olması qazanılan hərbi uğurların bariz nümunəsidir. Bu gün Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasında yer alır. Ordumuzun şəxsi heyətinin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli Ali Baş Komandan, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas prioritet məsələlərdəndir.
“Son olaraq qeyd etmək yerinə düşər ki, iyunun 25-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında bildirib ki, “Biz isə hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq”. Prezident İlham Əliyevin bu açıqlamaları bir daha onu göstərir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur, - deyə analitik E.Aşırlı vurğulayıb.