Hərbi ekspert: Hazırda Ermənistan çıxılmaz vəziyyətdədir - AÇIQLAMA
Bakı, 1 sentyabr, AZƏRTAC
Son zamanlar, Ermənistan, Qarabağdakı separatçı qurumun qondarma rəhbərliyi və onlara havadarlıq edən Fransa kimi dövlətin dırnaqarası fəaliyyəti nəticəsində bölgədə vəziyyəti daha da gərginləşdirmək və humanitar şou adı altında özləri üçün siyasi dividend qazanmaq üçün müxtəlif təxribatlara əl atıldığını müşahidə edirik. Burada vəziyyəti humanitar fəlakət kimi göstərib beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəsələr də onların məkrli fəaliyyəti fiaskoya uğradı. Ermənistanın qanunsuz olaraq Qarabağa göndərdiyi yük avtomobillərinin Azərbaycan sərhədindən buraxılmaması və həmin yüklərin Azərbaycan ərazisindən Xankəndiyə çatdırılmasının mümkünlüyü bildirilsə də Ermənistan buna heç bir əhəmiyyət vermədən öz məkrli niyyətini həyata keçirmək üçün belə təxribata əl atdı. Buna uyğun olaraq Azərbaycan tərəfi də Qarabağda yaşayan ermənilərə 40 tona yaxın unun göndərilməsini təmin etdi. Nəticədə onların humanitar fəlakət kimi göstərməyə çalışdıqları vəziyyətin heç də elə olmadığı üzə çıxdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib.
Hərbi ekspertin sözlərinə görə, separatçı qurumun rəhbərliyi və onların əlaltıları Ağdam-Xankəndi yolunda maneələr quraraq, həmin yüklərin Qarabağa çatdırılmasının qarşısını almaqda davam edirlər. Bu da ondan xəbər verir ki, Qarabağda hər hansı humanitar fəlakətdən söhbət belə gedə bilməz. Çünki bunların hamısı Ermənistan və separatçı qurumun birgə qurduğu siyasi oyundur. Əlbəttə ki, Azərbaycan tərəfinin belə humanist addım atması Qarabağdakı separatçı qurumunun rəhbərliyinin irəli sürdüyü absurd iddiaların bəhanə olduğunu göstərdi. Bütün dünya şahid oldu ki, hər hansı humanitar problem varsa, Azərbaycan onu həyata keçirmək gücündə və qüdrətindədir. Odur ki, Ermənistanın, eyni zamanda, Qarabağda yaşayan erməni əhalisinin və separatçı qurumun rəhbərliyinin iddia etdiyi kimi heç bir aclıqdan söhbət gedə bilməz. Bunlar sadəcə açıq şəkildə sülh prosesini pozmağa və Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa xidmət edən məsələlərdir. Hətta Qarabağda yerləşən separatçı rejimin əlaltıları da bu gün Xankəndi-Ağdam yolunda müəyyən maneələr yaradaraq Rusiya sülhməramlı kontingentinin də Xankəndidən Ağdama getmə fəaliyyətinin qarşısını alırlar. Bu da ondan xəbər verir ki, separatçı rejim, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır və regiondakı gərginliyin saxlanılmasında maraqlıdır. Çox təəssüf ki, Ermənistanın bu prosesdə əsas havadarlarından olan Fransa da qeyri-qanuni olaraq Ermənistandan Azərbaycana humanitar yük daşınması adı altında təxribata əl atırdı. Nəhayət Fransa hökuməti də anladı ki, Azərbaycan tərəfi ilə razılaşdırılmadan həmin ərazidən ölkəmizin ərazisinə heç bir yük daxil ola bilməz. Bunu başa düşən Fransa rəhbərliyi də gətirdiyi yük maşınlarını eləcə də geri qaytardı.
“Proseslərə nəzər saldığımız zaman Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu görərik. Həmçinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin heç bir siyasi iradəsi olmadığını və kənardan havadarlarının ona verdiyi tapşırıqların icrası yönündə addımladığını müşahidə edirik. Qarabağda yerləşən separatçı rejimin daxilindəki gərginlikləri, Ermənistanın ümumi prosesin pozulması və sülhə gedən yolun bağlanılması üçün atdığı addımları dünya ictimaiyyəti görməlidir. Beynəlxalq təşkilatlar, bununla bağlı həmin ölkəyə etirazlarını bildirməli və sülh prosesinin sürətləndirilməsi üçün təzyiq göstərməlidirlər. Hazırda Ermənistanın məkrli niyyətləri və təxribatçı addımları yalnız onların öz ziyanınadır. Çünki həmin proseslərdən hər hansısa nəticə əldə olunmazsa, eyni zamanda, Ermənistan tərəfinin Qarabağda, Azərbaycan-Ermənistan şərti sərhəd bölgəsində silahlı təxribatlara əl atması, ordumuza və mövqelərimizə qarşı təhlükə törətməsi Azərbaycan tərəfini bununla bağlı zəruri və məcburi adekvat cavab tədbirləri görməyə vadar edir. Nəticə etibarilə bu gün Qarabağda baş verən proseslərə nəzər saldıqda orada müşahidə edilən daxili ziddiyyətlər, hətta çəkişmələrin silahlı qarşıdurmaya qədər getməsi bunu deməyə əsas verir. Birmənalı olaraq beynəlxalq hüququn tələblərinə, eyni zamanda, BMT-nin nizamnaməsinə və Haaqa Konvensiyasına uyğun olaraq Azərbaycan Ordusunun, silahlı qüvvələrinin mülki vətəndaşlarımızın gələcək təhlükələrdən və təxribatlardan qorunması, onların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımların atılması qaçılmaz olacaq.
Sonda baş verənlərin bütün məsuliyyəti yalnız Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. Hazırda baş verən proseslərə əsasən deyə bilərəm ki, istər konstitusion, istər beynəlxalq hüquq, istərsə də BMT anlaşmasına uyğun olaraq həmin terrorçu qrupların zərərsizləşdirilməsi Azərbaycanın legitim hüququdur. Hesab edirəm ki, proseslər belə tempdə davam edərsə, Azərbaycan tərəfi mütləq şəkildə bununla bağlı məcburi şəkildə əməli tədbirlər görəcək”, - deyə A.Bayramov fikirlərini yekunlaşdırıb.