Hərbi Hava Qüvvələrinin yeni inşa edilmiş hərbi hissəsinin açılışı olub
Bakı, 20 iyun, AZƏRTAC
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Hərbi Hava Qüvvələrinin yeni inşa edilən hərbi hissəsinin açılış mərasimində iştirak edib və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Qeyd olunub ki, yaradılan şərait şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkilini və aparılmasını təmin edəcək.