Hərbi hissədə “Gənclərin tərbiyəsində İslam dininin rolu” mövzusunda tədbir keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2017-ci il üçün birgə tədbirlər planına əsasən cəbhəboyu zonada yerləşən hərbi birlikdə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Gənclərin tərbiyəsində İslam dininin rolu” mövzusunda keçirilən görüşdə çıxış edən hərbi hissənin zabiti, polkovnik-leytenant Rasim Manafov qonaqları salamlayaraq şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında Müdafiə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xidmətlərini xüsusi vurğulayıb. Bu cür tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində müstəsna rolunu qeyd edən zabit dini radikalizmə qarşı mübarizə tədbirlərinin də yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov çıxışında hərbi-vətənpərvərlik tərbiyəsində İslamın rolundan, islami dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olmağından, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsil vətəndaş, əsil döyüşçü yetişdirmək mümkün olmamasını qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filminə baxışdan sonra tamaşaçılar film haqqında fikir və təkliflərini bildiriblər.
Tədbirin sonunda qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, əsgər və zabitlərlə görüşüblər.
Qonaqlar hərbi hissədən xoş təəssüratla ayrılıblar.