Hesabat: Müəyyən ölkələrin yumşaq güc siyasəti Gürcüstanın təhlükəsizlik mühitinə təsir göstərib
Tbilisi, 21 aprel, AZƏRTAC
Ötən il müəyyən ölkələrin sözdə yumşaq güc siyasəti və onları həyata keçirmək cəhdləri Gürcüstanın təhlükəsizlik mühitinə əhəmiyyətli dərəcədə təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin 2025-ci ildəki fəaliyyətinə dair parlamentə təqdim olunan illik hesabatında bildirilib.
Qeyd olunub ki, xarici xüsusi xidmət orqanları müxtəlif növ kəşfiyyat fəaliyyətləri həyata keçirmək üçün öz ölkələrində fəaliyyət göstərən siyasi və elmi dairələrin, qeyri-hökumət, dini, diaspor və özəl kommersiya təşkilatlarının, təhsil müəssisələrinin və fondların imkanlarından fəal şəkildə istifadə etməyə çalışıblar. Bu təşkilatlar vasitəsilə Gürcüstana təsir göstərməkdə maraqlı olan dövlətlər bu ölkədə onlara sadiq vətəndaşlar, mədəniyyət sahəsinin nümayəndələri, tələbə dairələri və vətəndaş cəmiyyətinin fəalları, eləcə də fərdi ekspertlər, politoloqlar və biznes sektorunun nümayəndələri ilə sıx əlaqələr qurmağa cəhd göstəriblər.
“Hesabat dövründə bəzi ölkələr bu istiqamətdə xüsusi aktivlik nümayiş etdirib ki, bu da təhsil və mədəni tədbirlərin keçirilməsində və təşkilində, onlarla əlaqəli subyektlərin bu proseslərə cəlb edilməsi cəhdlərində özünü göstərib. Həmçinin bəzi xarici ali təhsil müəssisələri və elmi-tədqiqat müəssisələri tərəfindən dövri elmi və təhsil tədbirlərinin təşkili, gənclər düşərgələrinin təşkili və Gürcüstan təhsil müəssisələrinin nümayəndələrinin dəvət edilməsi faktları aşkarlanıb. Xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqəli şəxslər və vəzifəli şəxslər tərəfindən Gürcüstandan olan gəncləri müxtəlif layihələrə cəlb etmək cəhdləri qeydə alınıb", - deyə sənəddə vurğulanıb.
Sənəddə qeyd olunub ki, hesabat dövründə, sözdə yumşaq güc siyasəti çərçivəsində bəzi xarici xüsusi xidmət orqanlarının və ya onlarla əlaqəli şəxslərin prioritet fəaliyyət sahələrindən biri Gürcüstanda davam edən iqtisadi proseslərin monitorinqi və ölkəyə iqtisadi təsir rıçaqları yaratmaq cəhdləri olub.