Həştərxan ictimaiyyəti ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti haqqında məlumatlandırılıb
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Rusiyanın Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə yekun tədbir təşkil edilib.
Mərasimdə Həştərxan vilayətinin beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Həştərxan şəhər bələdiyyəsinin administrasiya rəhbəri Oleq Polumordvinov, Kirov rayonunun başçısı İqor Redkin, Həştərxan şəhəri Administrasiyasının idarə rəisi İrina Kazantseva-Ivanova, Şəhər Dumasının deputatı Əli Ömərov, Həştərxanın fəxri vətəndaşı Ədalət Hüseynov, Heydər Əliyev adına məktəbin direktoru Tatyana Tixomirova, məktəbin müəllim və tələbələri, Azərbaycan diasporunun nümayəndələri, regional qeyri-hökumət təşkilatları və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışılıb. Həmçinin iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz rolundan bəhs edilib. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.