Həyatın ən çətin anlarında da çıxış yolu var
Bakı, 23 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə mübarizə həyatımızda yeni bir mərhələ oldu, həyata yeni nəzərlərə baxdıq, dünyanı yenidən tanıdıq. Bəlkə də bu bir ayda əxz etdiklərimizi bir neçə ildə yaşaya bilməzdik. Mən deyərdim ki, “əsrdən uzun” günlər oldu. Dünyanın faniliyini sanki yenidən gördük. Hər kəs özünü yenidən kəşf etdi.
AZƏRTAC xəbər verir ki, yazıçı Günel Natiq xüsusi karantin rejimi ilə əlaqədar öz həyat və iş rejimi barədə danışırkən belə deyib.
O, söhbətinin davamından bildirib: “Ədəbiyyat adamları yəqin ki, sözün qalıcı, əbədi bir hikmət olduğunu bu günlərdə daha dərindən hiss etdilər. Yaşadığımız günlər qələm adamlarına yeni material verdi. Yeni həyəcan, yeni təəssüratlar, yeni duyğular- yazıçının həmin prosesin seyrçisi olmağa ehtiyacı vardı. Bu mənada epidemiya ilə mübarizə günləri mənim üçün çox maraqlı dönəm oldu və yeni enerji verdi. Bu barədə düşüncələrimi “Epidemiya” hekayəsində qələmə aldım.
Evdə qalmaq, vaxt bolluğu yeni kitabımın redaktəsi üzərində daha ciddi çalışmaq imkanı verdi. “Ədəbi talelər” adlanan bu kitab dünya ədəbiyyatının görkəmli simalarının taleyini əhatə edir. Karantin günlərində çoxlu mütaliə etmək imkanım oldu. Kamal Abdullanın Füzuli haqqında yeni kitabını, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşr etdirdiyi Maksans Ferminin “Qar” romanını, eləcə “Dünya ədəbiyyatı” dərgisindəki məşhur esseləri, Borxesin hekayələrini və başqa əsərləri oxudum. Belə oxunaqlı kitablarla baş-başa qalanda və qələmə almağa səni narahat edən, sevdiyin mövzular olanda evdə qalmaq yorucu olmur”.
Yazıçı söhbətinin yekununda deyib: “Hər kəsin, hər bir vətəndaşın və bütövlükdə bəşəriyyətin xilası evdə qalmaqdan keçirsə, onda niyə evdə oturub karantin şərtlərinə riayət etməyək? Bir halda ki, bu yolla nəinki özümüzü, həm də ətrafdakıları, insanlığı qorumuş oluruq. Elə bilirəm, evdə uzun müddət qalmaqdan gileylənmək lazım deyil, bu bizim öz gücümüzə olan inamımızı sarsıdır. İnsan bütün şəraitlərdə özünə inanmalı və çıxış yolu axtarmağa çalışmalıdır. Mənim üçün çıxış yolu ədəbiyyatdır, yazıdır. Düşünürəm ki, hər bir adamın həyatında onu çətin situasiyadan çıxara biləcək bir yol var. Əgər yoxdursa, onu özündə kəşf etməlisən, çünki insan heç bir halda aciz və köməksiz deyil”.