Heydər Əliyev Fondunun dəstəyi ilə Ştutqartda Azərbaycan gecəsi keçiriləcəkdir
Bakı, 2 noyabr (AZƏRTAC). Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirir. Növbəti tədbirlərin Almaniyanın bir sıra şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Fonddan AZƏRTAC-a bildirilmişdir ki, ilk tədbir - Azərbaycan gecəsi noyabrın 14-də Avropanın mədəni ənənələrə malik qədim şəhərlərindən sayılan Ştutqartda keçiriləcəkdir.
Azərbaycan gecəsi Heydər Əliyev Fondunun və Azərbaycanın Ştutqartdakı Fəxri Konsulluğunun dəstəyi ilə Almaniyada möhtəşəm mədəni tədbirlərin məkanı kimi tanınan “Theaterhaus”da keçiriləcəkdir.
Tədbirdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaqdır. Böyük bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin əsərləri virtuoz ifaçılarımız Fərhad Bədəlbəyli, Murad Hüseynovla yanaşı, alman musiqiçilərinin də ifasında səslənəcəkdir.
Gecədə rəsm və foto sərgiləri də təqdim ediləcəkdir. Yaradıcılıq işləri, eyni zamanda, fotoproeksiya ilə əks olunacaqdır.
İstedadlı gənclərin 19 rəngkarlıq işindən ibarət stendlərdən biri “Almaniya bir rəssamın gözü ilə” adlanır. Ölkəmizdə Almaniya ilə bağlı ənənəvi olaraq keçirilən sərgi-müsabiqələrdə qalib gələn əsərlər bu stendlərdən birində nümayiş etdirilir. Sərgi-müsabiqələrin konsepsiyası Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdiyi əsərlərin təqdimatıdır. 2008-ci ildən keçirilən müsabiqədə hər il üç qalib gənc Almaniyaya səyahət edir, Berlinin qalereya və muzeyləri ilə tanış olur və məşhur alman rəssamlarının ustad dərslərində iştirak edir.
Tədbirdə nümayiş olunacaq digər stenddə isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcəkdir. Fotoşəkillər vaxtilə Avropada ən böyük və müasir misəridən zavodunu Gədəbəydə inşa etdirən Siemens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyətindən və yaşam tərzindən bəhs edir.