“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti dərslər Yasamal rayonu üzrə keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Paytaxtın ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər davam edir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, növbəti tədbir Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatının lektoriya zalında təşkil edilib.
Əvvəlcə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.
Professor Şahlar Əsgərov ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, digər mühüm sahələr kimi aktual hesab olunan təhsil də Ulu Öndərin qayğısı və diqqəti ilə bugünkü inkişaf səviyyəsinə yüksəlib.
Milli Məclisin deputatları Sadiq Qurbanov və Elnur Allahverdiyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətimizin tarixində və beynəlxalq aləmdəki rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat veriblər.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində Ulu Öndərin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, siyasi sabitlik və iqtisadi dirçəliş, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdir.
Dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi bütün paytaxt məktəblərini əhatə edəcək.