HEYDƏR ƏLİYEV UKRAYNANI SEVİRDİ, UKRAYNA DA ONU SEVİRDİ VƏ SEVƏCƏKDİR
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərindəki soydaşlarımızdan aldığı xəbərləri təqdim edir.
XARKOV. Xarkov vilayət Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin sədri, Xarkovun Kiyev rayon sovetinin deputatı, professor Murad Ömərov bildirmişdir ki, yanvarın 18-də 131 nömrəli orta məktəbin (burada Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərir) akt salonunda Heydər Əliyevin nurlu xatirəsinə həsr edilmiş matəm tədbiri keçirilmişdir. Tədbirdə professor Eldar Vəliyev, akademik Zərifə Əliyevanın və xalqımızın lideri Heydər Əliyevin abidəsini hazırlayan heykəltəraş Seyfəddin Qurbanov, Xarkovun Kiyev rayon sovetinin deputatı Vəli Həsənov və digər həmvətənlərimiz də iştirak edirdilər. Azərbaycanın Milli Qəhrəmanı, mərhum Viktor Seryoginin xanımı Qalina Mixaylovna da qızı Oksana və nəvəsi Lada ilə birlikdə buraya gəlmişdi. Bütün çıxışların başlıca mövzusu Azərbaycan Prezidentinin Ukraynaya, onun böyük xalqına və Ukraynanın dahi öndərimizə məhəbbəti ilə bağlı idi. Bunu akademik, keçmiş SSRİ-nin Dövlət mükafatı laureatı, sabiq bakılı Yevgeni Aleksandroviç Morşakov da vurğuladı.
DNEPROPETROVSK. “Çənlibel” restoranında Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Dnepropetrovsk regional təşkilatı matəm mərasimi təşkil etmişdi. Bu şəhərdə yaşayan həmvətənlərimiz və ukraynalılarla yanaşı, mərasimdə UAK-ın Novomoskovski və Pavloqrad təşkilatlarının nümayəndələri də iştirak edirdilər. Əvvəlcə “Heydər Əliyev: iki yüzilliyin fenomeni” sənədli filmi göstərildi. Matəm mərasimində bütün dünya azərbaycanlılarının lideri Heydər Əliyevin xatirəsinə ehsan verildi və dualar oxundu. UAK-ın Dnepropetrovsk regional təşkilatı sədrinin müavini Eldar Tağıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu şəhərdə diasporumuz əvəzsiz itki ilə əlaqədar hər cümə axşamı yas mərasimi keçirirdi. Bu mərasimləri Dnepropetrovsk televiziyasının “11-ci kanal” və “34-cü kanal”ının tamaşaçıları da izləyirdilər.
ZAPOROJYE. Yanvarın 18-də şəhərin “Bağçasaray” restoranında zəmanəmizin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin xatirəsinə ehsan verildi və müsəlman adət-ənənələrinə uyğun olaraq dualar oxundu.
Azərbaycan səfirinin Zaporojye vilayəti üzrə fəxri köməkçisi Miryaqub İbrahimov bildirdi ki, xatirə gecəsinə vilayət və şəhər rəhbərliyinin nümayəndələri də gəlmişdilər. Onlardan bəziləri Heydər Əliyev ilə şəxsən tanış idilər.