“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ”
Bütün kəşməkəşlərinə baxmayaraq, Heydər Əliyevin zəngin siyasi həyatı daim zəfərlərlə müşayiət olunan əsil qazilik məktəbidir. Onun böyük dühası, siyasi idarəçilik istedadı, dövlətçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələdliyi və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə qərarlarının doğruluğunu təmin edən, qələbələrini şərtləndirən amillərdən idi. Ümummilli lider bu təməl prinsiplər içərisində Azərbaycançılığa xüsusi önəm verirdi. Azərbaycançılıq Heydər Əliyevin milli dövlətçilik düşüncəsində milli-siyasi həmrəyliyi, vətəndaş sülhünü, Azərbaycanda yaşayan xalqların monolit birliyini, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, vahid coğrafi-siyasi məkanda bütün vətəndaşların hüquq və azadlıqlarının təminatını, mütərəqqi tarixi ənənələri və müasir siyasi gerçəkliyi, vahid, bölünməz Vətən anlayışını, dövlət-vətəndaş münasibətlərini özündə ehtiva edən ideologiya kimi dərk edilirdi. Özünün bilavasitə müəllifliyi ilə yaradılan müstəqil Azərbaycanın ilk Konstitusiyasında, “Dövlət dili haqqında” Qanunda və digər tarixi əhəmiyyət daşıyan sənədlərin və qərarların qəbulunda dahi şəxsiyyətin bu taleyüklü məsələyə necə həssaslıqla yanaşması və onun tarixi uzaqgörənliyi kitabda zəngin faktik materiallarla şərh edilir.
Heydər Əliyevin ölkəmizdə yaşayan bütün xalqlara, milli azlıqlara Azərbaycançılıq kontekstindən yanaşma tərzi də diqqət çəkən məqamlardandır. Böyük rəhbər Azərbaycanın etnik əlvanlığını dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edir, bu nailiyyətin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğıyla yanaşır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın burada yaşayan hər kəsin doğma ata-baba yurdu, Vətəni olduğunu dönə-dönə vurğulayırdı. O, eyni zamanda, Azərbaycan vətəndaşı olmağın, azərbaycanlı adı daşımağın məsuliyyətini dərk etməyi, Vətənə sədaqətlə xidmət göstərməyi tövsiyə edirdi. Kitabın məziyyətlərindən biri də bu böyük insanın “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” çağırışının bu günümüzə, gələcəyimizə ünvanlanmış əsil vətəndaşlıq qayəsi kimi dəyərləndirilməsi və təbliğ olunmasıdır.
Dahi rəhbərimiz Heydər Əliyev özündən sonra son dərəcə zəngin siyasi irs, dövlətçilik və idarəçilik təcrübəsi, Vətənə şərəflə və sədaqətlə xidmət örnəyi, ölməz ideyalar qoyub getmişdir. Kitabda xüsusilə qeyd edilir ki, böyük fəallıq və mütəşəkkilliklə, tam demokratik şəraitdə keçən son prezident seçkiləri Heydər Əliyev ideyalarının, Heydər Əliyev siyasi xəttinin və Heydər Əliyev siyasi varisinin alternativsizliyini göstərdi və şəksiz qələbəsini təmin etdi. Xalqımız bir daha müdrik iradə nümayiş etdirərək quruculuğa, firavanlığa gələcək uğurlara səs verdi və bu tarixi seçimi ilə bütün dünyaya Heydər Əliyev ideyalarının əbədiyaşarlığını bir daha sübut etmiş oldu.
Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasi xəttini uğurla davam etdirir, millətimizin və dövlətimizin parlaq gələcəyi naminə mətin və qəti addımları, düşünülmüş, tarazlı daxili və xarici siyasət xətti ilə Azərbaycanı layiqincə təmsil edir. Prezident İlham Əliyevin çoxşaxəli siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji-perspektiv proqramlar, Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırmışdır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2004-2008-ci illər)” son dərəcə mühüm bir sənəddir və bütün bölgələrin konkret istiqamətlər üzrə təminatlı inkişafını, sosial-iqtisadi tərəqqisini nəzərdə tutur. Kitabda bu Proqramın uğurla həyata keçirilməsi üçün hərtərəfli dövlət təminatının olduğu vurğulanmaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın 3-4 ildə Azərbaycanın, sözün həqiqi mənasında, parlaq tərəqqiyə qovuşacağına qəti inam ifadə olunur.
Bütün bu deyilənlər bölgə müşavirələrində səslənən çıxışların məzmun və mahiyyətini əks etdirir və kitabın başlıca leytmotivini təşkil edir. “Heydər Əliyev və Azərbaycançılıq” kitabı ulu öndərin zəngin dövlətçilik məktəbinin və siyasi irsinin öyrənilməsi və təbliği işinə mühüm töhfədir.
Kitab məsul milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri Hidayət Orucovun rəhbərliyi ilə nəşrə hazırlanmışdır.