Heydər Əliyevin Türk dünyası qarşısında xidmətləri əvəzsizdir
Bakı, 10 may, AZƏRTAC
“Ölkə tarixində xüsusilə mühüm proseslərin həyata keçirildiyi dövrdə düşünülmüş dövlət siyasəti xalqın xoşbəxt gələcəyinin əldə edilməsinə yardımçı olur. Tarix sübut edir ki, xalqların bu çətin anlarında onlara yol göstərən dahi dövlət adamları meydana çıxır. Məhz bu dönəmdə Heydər Əliyev Azərbaycanın xilaskarı oldu, ölkənin müstəqil dövlət kimi dünyada tanınmasını təmin etdi”.
Bunu AZƏRTAC-a müsahibəsində türkiyəli qonaq Aişə Yazar bildirib. O, fikrinin davamında deyib: “Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində hazırda Azərbaycan daxili və xarici siyasəti, inkişaf edən iqtisadiyyatı ilə bütün dünyanın diqqət mərkəzindədir. Heydər Əliyev Azərbaycanın yeni tarixinin simvoludur. Yaxın illərdə, hətta onilliklərdə Azərbaycan qarşısında duran mühüm vəzifələr təsdiq edir ki, Azərbaycan xalqı seçilən strateji kursla fəxr edə bilər, çünki o, ölkənizin dünya birliyində özünə layiq yerini tutmasına imkan yaradıb. Eyni zamanda, Heydər Əliyevin bizə miras qoyduğu ən dəyərli və kamil əsər Azərbaycan dövləti və türkçülükdür. Atatürk Türkiyə üçün, Heydər Əliyev isə Azərbaycan üçün ilahi lütfdür. Heydər Əliyevin “bir millət - iki dövlət” kəlamı Azərbaycan və Türkiyə xalqlarına öyüddür: siz qardaşsınız, yaxşı gündə də, pis gündə də bir yerdə olun, bir-birinizə dəstək verin”.