Hikmət Məmmədov: Ölkə rəhbərinin inşaat sahəsində gördüyü işlər əvəzolunmazdır
Bakı, 4 mart, AZƏRTAC
Ötən həftə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşü yüksək səviyyədə keçdi. Dünya tarixində belə görüşlər nadir hallarda olur. Bu, təqdirəlayiq haldır və cəmiyyət tərəfindən müsbət qarşılanır. Həmin görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq layihələndirməsi və şəhərsalma kafedrasının müdiri Elbay Qasımzadə də gözəl təkliflərlə çıxış etdi. Ölkə başçısının inşaat sahəsində gördüyü işlər əvəzolunmazdır. Aparılan tikinti işlərini, yeni salınan yolları, şəhərimizi bəzəyən müasir binaları, regionlarda salınan istirahət güşələri, idman kompleksləri və məktəbləri gördükcə insanın ürəyi açılır, yaşamaq istəyir. Azərbaycan dövlətinin arxasında azərbaycanlılar dayanır, biz fəxr edirik ki, belə bir dövlətdə yaşayırıq.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin dekanı, dosent Hikmət Məmmədov deyib.
“İndiyə qədər də ölkə başçısı əhali ilə mütəmadi görüşlər keçirir, onların problemlərini dinləyirdi. Buna nümunə olaraq Beyləqanda, Şamaxıda keçirilən görüşləri xatırlatmaq istərdim. Görüşlər onu göstərir ki, dövlət vətəndaşının qayğısına qalır, onu diqqətdən kənarda qoymur. Bu, çox mühüm məsələdir. Əhalimizin dünyada baş verən xaosdan uzaq, əmin-amanlıq içində yaşaması bir daha sübut edir ki, ölkə başçısı çox uğurlu siyasət aparır, bu siyasət isə xalqımız tərəfindən daim yüksək qiymətləndirilir”, - deyə H.Məmmədov bildirib.
Dekan qeyd edib ki, sosial layihələr ölkə başçısının da dediyi kimi davamlı olacaq. 2019-cu ildə dövlətimiz dinamik inkişaf yoluna qədəm qoydu, bütün sahələrdə köklü islahatlar aparıldı, əhalinin rifah halı yüksəldildi. Şəhid, məcburi köçkün ailələri evlə təmin olundu, orta aylıq əməkhaqqı və müavinətlər, təqaüdlər, pensiyalar artırıldı. Bu da ölkə başçısının öz vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Hər bir azərbaycanlı bilir ki, onun arxasında Azərbaycan dövləti, ölkə başçısı dayanır. Bu, böyük məsələdir.