Hindistanda “çay süfrəsi” açılıb
Bakı, 5 mart, AZƏRTAC
Hindistanın paytaxtı Dehlidə 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə “Azərbaycan çay süfrəsi” adlı tədbir keçirilib.
Azərbaycanın Hindistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, habelə diplomatik korpus nümayəndələri iştirak ediblər.
Qonaqlara Azərbaycan çay mərasiminin özünəməxsus cəhətləri, çay dəmləmə ustalığının incəlikləri, milli şirniyyatlarımız və Novruz bayramının ritualları və ənənələri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, çay mərasimi insanlar arasında ünsiyyətin və səmimi söhbətin ayrılmaz hissəsidir.
Azərbaycan çayı və şirniyyatını dadan qonaqlara çay süfrəsinin yaraşığı olan paxlava və şəkərburanın hazırlanma qaydaları haqqında da məlumat verilib.
Qonaqlar “Azərbaycan çay süfrəsi”nin gələcəkdə də təşkil olunmasını arzulayıblar.