Hindistanlı professor ADU-da mühazirə oxumuşdur
Bakı, 7 may (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Hindistanın İngilis dili və digər Müasir Avropa dilləri Universitetinin professoru Abhicit Sen “Rabindranat Taqorun Teatrı: mədəniyyətlərarası eyniliklər” mövzusunda mühazirə oxumuşdur.
ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, eləcə də həmin fakültənin hindistanşünaslıq ixtisası üzrə təhsil alan II və IV kurs tələbələri iştirak etmişlər.
Professor Abhicit Sen mühazirəsində benqal ədəbiyyatı və musiqisini formalaşdıran şair, dramaturq, musiqiçi, rəssam Rabindranat Taqorun yaradıcılığından ətraflı danışmışdır.
A.Sen “Gitancali” poemasının müəllifi kimi Taqorun Nobel mükafatına layiq görülmüş ilk qeyri-avropalı olduğunu diqqətə çatdırmışdır. Bununla yanaşı, Taqor bir sıra hekayə, oçerk, şeir və 100-dən artıq sulu boya ilə çəkilmiş rəsmlərin müəllifi kimi də tanınır.
Sonda müxtəlif alimlərin Taqor haqqında söylədiklərindən ibarət video-slayd nümayiş etdirilmişdir.
İştirakçılar R.Taqorun rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olmuşlar.
######
