“HÜQUQ İSLAHATLARININ DƏSTƏKLƏNMƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ DƏYİRMİ MASA KEÇİRİLİR
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Bakı ofisindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, GTZ ölkəmizdə inzibati icraatın şəffaflığını təmin etmək üçün “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin rəhbərliyi ilə işçi qrupu yaradılmışdır. Qrupun tərkibinə Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov, şöbə müdirinin müavini Səyyad Kərimov, baş məsləhətçi Eldar Əsgərov və Ədliyyə Nazirliyinin Qanunvericilik və Hüquqi Təbliğat İdarəsinin rəis müavini Sübhi Kazımov daxildirlər. İşçi qrup artıq “İnzibati İcraat haqqında” qanun layihəsini işləyib hazırlamışdır. Almaniyanın Baden-Vürtemberq Vilayəti Ədliyyə Nazirliyinin şöbə müdiri Folker Ellenberger və GTZ-nin Bremendəki “Keçid dövrü ölkələrində hüquq islahatları” layihəsinin əməkdaşı Yens Derre qanun layihəsinə rəy hazırlamışlar.
Qanun layihəsinin həmin rəy əsasında müzakirəsi məqsədi ilə GTZ və Milli Məclislə iyunun 16-17-də ikigünlük dəyirmi masa təşkil edilmişdir. Tədbirdə almaniyalı mütəxəssislərlə yanaşı, Avropa Şurasının eksperti Filip Gerber də (İsveçrə) iştirak edir. Seminar GTZ-nin “Hüquq və media” Tədris Mərkəzində keçirilir.