“HYATT PARK” MEHMANXANASINDA ZİYAFƏT
Ziyafətə dəvət olunanlar Azərbaycan Prezidenti İlham Əliyevi və Yunanıstan Prezidenti Konstantinos Stefanopulosu hərarətlə qarşıladılar.
Dövlət başçıları ziyafətdə nitq söylədilər.
YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOSUN
NİTQİ
- Xanımlar və cənablar!
Mən Prezident İlham Əliyevin şərəfinə badə qaldırmaq istəyirəm. Mənə rəsmiyyətdən uzaq olmaq daha asan olardı. Mən ürəkdən gələn səmimi minnətdarlığımı bildirmək istəyirəm. Mən bir çox ölkələrin paytaxtlarında olmuşam və bütün prezidentlərlə görüşlərim çox maraqlı keçibdir. Mən Bakıda da dostyana və səmimi münasibət gördüm. Buna görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən istərdim ki, Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzu edim. Bütün bunlar Azərbaycan xalqının özündən asılıdır və mən inanıram ki, bu xalq öz xoşbəxtliyinə çatacaqdır.
Əlimdəki badəni Prezident İlham Əliyevin şərəfinə qaldırmaq istəyirəm. Mən ona sağlamlıq, xoşbəxtlik arzu edirəm.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ
İLHAM ƏLİYEVİN
NİTQİ
- Hörmətli cənab Prezident!
Əziz qonaqlar!
Mən sizi bir daha ürəkdən salamlayıram. Ümid etdiyimi bildirmək istəyirəm ki, bu səfərdən sonra Azərbaycan-Yunanıstan əlaqələri daha da inkişaf edəcək, ölkələrimiz bir-birinə daha da yaxın olacaqlar. Bu səfər çərçivəsində iki ölkə arasında çox vacib sənədlər imzalanmışdir. 1-ci Azərbaycan-Yunanıstan biznes forumu, Milli Olimpiya Komitəsinin inzibati binasında gözəl sərgi keçirilmişdir. Prezident Stefanopulosun görüşləri olmuşdur. Bütün görülən işlər, aparılmış danışıqlar bizi bir daha əmin edir ki, Azərbaycanla Yunanıstan arasında olan siyasi, iqtisadi, mədəni əlaqələr böyük sürətlə inkişaf edəcək, xalqlarımıza xeyir gətirəcəkdir.
Bu iki gün çox tez keçdi. Ancaq, bu iki gün ərzində Azərbaycan və Yunanıstan iş adamları, siyasi xadimlər, mədəniyyət xadimləri dostlaşıblar. Mən ümidvaram ki, bu dostluq bundan sonra da davam edəcəkdir.
Bu badəni Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun şərəfinə, Yunanıstandan gəlmiş bütün qonaqların şərəfinə, Yunanıstan-Azərbaycan dostluğu şərəfinə qaldırıram.
X X X
Yunanıstan Prezidenti Konstantinos Stefanopulosa Azərbaycana səfərindən xatirə olaraq fotoalbom və videokaset təqdim edildi.
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər ziyafətdə iştirak edirdilər.