MƏDƏNİYYƏT
I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başa çatıb
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının bağlanışı və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən festival Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunub.
Festivalın bağlanış mərasimində çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev yüksək qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Baş katib Azərbaycanı, xüsusilə paytaxt Bakını Türk dünyasının böyük mədəniyyət mərkəzlərindən biri kimi səciyyələndirib, hazırda “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşanı isə mənəviyyat şəhəri hesab etdiyini deyib.
Türk dünyasının çətin dönəmlərdə daim Azərbaycanın arxasında olduğununu deyən Sultan Raev ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə güc və qüdrətini dünyaya nümayiş etdirdiyini vurğulayıb.
İlk festivalın uğurla reallaşdığını bildirən Baş katib növbəti teatr şöləninin gələn il Türkmənistanın Aşqabad şəhərində keçiriləcəyini diqqətə çatdırıb.
Sonra türk respublikalarının aparıcı teatr kollektivlərini bir araya toplayan festivalın qalib tamaşaları elan olunub.
Türk dünyasının teatr mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyinə əsasən, “Ən yaxşı musiqi tərtibatına görə” İstanbul Dövlət Teatrı “Bir nəfəs Dədə Qorqud” tamaşası ilə qalib elan olunub.
Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) “Günəşə toxunan uşaq” və Səmərqənd Musiqili Dram Teatrının (Özbəkistan) “Leyli və Məcnun” tamaşaları “Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb.
Türküstan Musiqili Dram Teatrının (Qazaxıstan) “Qorqud əfsanəsi” səhnə əsəri tamaşanın ən yaxşı plastik həllinə görə mükafatlandırılıb.
Müsabiqənin “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafat iki sənətçiyə - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Məsmə Aslanqızına (“Qarabağnamə”) və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrından Gülnabat Abdullayevaya qismət olub.
Festivalın müsabiqədənkənar tamaşa nümayişlərinə görə isə Azərbaycan Dövlət Akademik Musiqili və Dövlət Pantomima teatrları fəxri diplomlarla təltif olunublar.