İCTİMAİ BİRLİYİN RƏHBƏRİ HESAB EDİR Kİ, EXİT-POLL HƏLƏLİK YAXŞI İDEYA MƏRHƏLƏSİNDƏDİR
Birliyin sədri Adıgözəl Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu qurumun nümayəndələri “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq 76 saylı Astara-Lənkəran, 77 saylı Astara və 73 saylı Lənkəran şəhər seçki dairələrində seçkiləri müşahidə etmişdir.
Onun sözlərinə görə, seçkilər heç bir pozuntu və gözlənilməz hadisəyə yol verməmək şərtilə 5 ballıq şkala üzrə keçirilmişdir. Lakin bu o demək deyildir ki, heç bir problem olmamışdır.
Birliyin sədri ucqar rayonların əhalisinin kəmsavadlığını artıq növbəti seçkilərdə də qarşıya çıxacaq birinci problem adlandırır və bu qənaətdədir ki, siyasət “virtuozları” ondan istifadə edəcəklər. Yaşı 40-dan yuxarı olan adamlar latın əlifbasını bilmirlər. Buna görə də onlar seçki vərəqələrindəki mətni oxumaqda acizdirlər. Üstəlik, bu mətn olduqca xırda şriftlə yığılmışdır.
A.Məmmədovun fikrincə, ikinci səbəb seçki mədəniyyətinin olmamasındadır. Vətəndaşlar bəzən kimə səs verdiklərini bilmir və qərar qəbul edərkən namizədlər barədə mülahizələrə və başqalarının rəylərinə əsaslanırlar.
Seçkilərdə exit-poll strukturunun nə kimi yer – “meydançada faydalı oyunçu”, yoxsa iştirakı “protokol” üzrə gərəkli bilinən təşkilat yeri tutduğu barədə suala A.Məmmədov belə cavab vermişdir: Exit-poll hələlik yaxşı ideya mərhələsindədir və onun praktikada tətbiqi seçicilərdə digər hisslərlə yanaşı, təəccüb və əsəbilik hissləri də doğurur. Məsələn, Lənkəran seçki dairələrindən birində yağış yağdı və bu təşkilatın nümayəndələri səs verilən elə həmin otaqda exit-poll keçirdi və bununla da otağı inside-polla, yəni içəridə səsverməyə çevirdilər. Bunu da səsvermənin gedişində pozuntu adlandırmaq olar, çünki gizli səsvermə prinsipi pozulur. Dediyim kimi, vətəndaşın kəmsavadlığını və seçki mədəniyyəti olmadığından kimə səs verdiyini bilmədiyini nəzərə alsaq, görərik ki, binanın daxilində sorğu, hər şeydən çox, pozucu xarakter daşıyır.