IDEA Ətraf Mühit Kampaniyası növbəti ekoloji maarifləndirmə layihəsi həyata keçirir
Bakı, 24 sentyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başlanmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA növbəti ölkə miqyaslı ekoloji maarifləndirmə layihəsinə start vermişdir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də İDEA kampaniyası tərəfindən həyata keçirilən “Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları Qız Qalasının yaxınlığında bir araya gələrək rəmzi olaraq xüsusi hazırlanmış “yaşıl avtobuslar”la Azərbaycanın rayon və şəhərlərinə yola düşmüşlər. Layihə çərçivəsində ölkəmizin 20 şəhər və rayonlarının orta məktəb şagirdləri üçün maarifləndirici seminarlar keçiriləcəkdir. Seminarları on ali təhsil ocağının 3-4-cü kurs tələbələri olan “yaşıl təlimçilər” aparacaqlar. Ekoloji seminarlar sentyabr-oktyabr aylarında keçiriləcəkdir.
Layihənin əsas məqsədi şagirdləri ekoloji məsələlərlə bağlı maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini artırmaq, təbiətə dost münasibət hisslərini aşılamaq, eləcə də IDEA kampaniyasının regionlarda ətraf mühit sahəsində “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir.
IDEA-nın başlıca məqsədi planetimizi müdafiə etmək və gənclərə ekoloji problemlər barədə məlumat verməkdir. Yaradıldığı bir il ərzində IDEA xeyli maraqlı və uğurlu layihələr həyata keçirmişdir. Onların sırasında ağac əkilməsi, kökü kəsilməkdə olan heyvanların mühafizəsi, quş yuvalarının quraşdırılması, konfransların, fotosərgilərin, seminarların keçirilməsi də vardır.