İDMANI SEVƏNLƏR ÜÇÜN MİNİATÜR KİTAB
Böyük zövqlə tərtib olunmuş bu kitabda MOK-un 10-cu ildönümü münasibətilə 2002-ci il sentyabrın 11-də Respublika sarayında keçirilən yubiley mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi və Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin məruzəsi Azərbaycan və rus dillərində dərc edilmişdir.
288 səhifədən ibarət bu miniatür kitabı vərəqləyərkən, ümummilli liderimizin həmin yubiley gecəsində söylədiyi sözləri bir daha oxuyaraq, ölkəmizin bütün sahələrdə, o cümlədən idmanda qazandığı uğurlara görə qürur hissi keçirirsən.
Bəli, ulu öndər Heydər Əliyevin dediyi kimi, “müstəqil Azərbaycan idmanın, Olimpiya hərəkatının inkişafında böyük uğurlar qazanmışdır... İnanıram ki, Azərbaycanda idman, bədən tərbiyəsi getdikcə kütləvi xarakter alacaqdır”.
Bu sözlər böyük uzaqgörənliklə deyilmişdir. İndi biz Prezident İlham Əliyevin rəhbərliyi altında son bir neçə ildə Azərbaycanın dünyada idman sahəsində də layiqli yer tutduğunun şahidiyik.
38x53 millimetr formatlı kitabda milli tarixi memarlıq abidələrimizin təsvir olunduğu Azərbaycan xəritəsi, habelə 20 rəngli fotoşəkil verilmişdir.
Yubiley nəşri, şübhəsiz, Azərbaycan idmanının təəssübünü çəkənlər tərəfindən haqlı qürur hissi ilə qarşılanacaqdır.