İdmanla məşğul olarkən ən çox rast gəlinən travmalar
Bakı, 11 iyul, AZƏRTAC
İdmanla məşğul olarkən insanın aldığı travmalar müxtəlif amillərdən asılı olaraq fərqlənir, lakin bəzi travmalara daha çox rast gəlinir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov söyləyib. Onun sözlərinə görə, ən çox rast gəlinən idman travmaları düşmə və ya birbaşa zərbələr nəticəsində baş verən qol və ayaq sınıqlarıdır: “Futbol və ya basketbol oynayarkən insanda çanaq və omba sınıqları yarana bilər. Həddindən artıq yüklənmə və ya qeyri-düzgün isinmə səbəbindən əzələ gərginliyi və zədələri də baş verə bilər”.
Baş həkim bildirib ki, xüsusilə diz və ayaq biləyi bağlarında travma, eləcə də futbol, basketbol, gimnastika kimi idman növlərində bağların yırtılması və dartılması geniş yayılıb: “Yüksək intensivlikli məşqlər və təkrarlanan hərəkətlər nəticəsində kiçik sümük çatları meydana gələ bilər. Həmin hala qaçış, basketbol və gimnastika idman növlərində daha çox rast gəlinir. Onun qarşısını almaq üçün idmanla məşğul olarkən düzgün isinmə, uyğun idman avadanlığı və texnikadan istifadə etmək vacibdir”.
Nizami Məmmədovun sözlərinə görə, idmanla məşğul olmazdan əvvəl peşəkar məşqçi və ya fizioterapevtdən məsləhət almaq faydalıdır.