İkili standartlar beynəlxalq qurumların qərarlarına da etinasızlıq yaradır
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Doha şəhərində Beynəlxalq Cəzasızlıq Gününün qeyd olunması və Əl-Cəzirə Media Şəbəkəsinin yaradılmasının 18-ci ildönümü münasibətilə keçirilən simpoziumda beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrə, eləcə də media qurumlarına ikili standartlarla yanaşmasının onların qəbul etdiyi qərarlara da etinasızlıq yaratdığını bildirib. O, BMT Baş Məclisinin müvafiq qətnaməsinin tətbiqi və icra mexanizmlərinin hazırlanması üçün beynəlxalq təşkilatlarla media qurumları arasında assosiativ əlaqələrin genişləndirilməsini uğurlu addım kimi dəyərləndirib.
BAMF-dan AZƏRTAC-a bildirilib ki, Əl Cəzirə Media Şəbəkəsinin təşkil etdiyi simpoziumun məqsədi Baş Məclisin müvafiq qətnaməsi əsasında gələcək fəaliyyət mexanizmlərinin gücləndirilməsi, medianın vəziyyəti və jurnalistlərə qarşı risk hallarının azaldılması olub.
Tədbirdə jurnalistlərin təhlükəsizliyi, onların peşəkarlığının artırılması, mətbuat azadlığı, media və beynəlxalq insan haqları təşkilatlarının əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə edilib.
Müzakirələr zamanı media azadlığının gücləndirilməsi məqsədi ilə qanunverici bazanın təkmilləşdirilməsi, təlim və maarifləndirmə tədbirlərinin dövlət orqanları nümayəndələri ilə birgə davam etdirilməsi, UNESCO-nun xüsusi mandatına uyğun olaraq media azadlığı və jurnalistlərin təhlükəsizlik məsələlərinin müsbət həlli üçün fəaliyyət mexanizmlərinin işlənib hazırlanması kimi bir sıra vacib qərarlar qəbul edilib.
Dohaya səfəri çərçivəsində U.Rəhimoğlu bir sıra görüşlər də keçirib. Görüşlərdə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq media qurumları ilə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.