İkinci Beynəlxalq kukla teatrları festivalı çərçivəsində paytaxtımızda maraqlı tamaşalar nümayiş etdiriləcəkdir
Bakı, 2 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 9-dan 16-dək Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA-nın dəstəyi ilə “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı keçiriləcəkdir.
Festival çərçivəsində tamaşalar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində nümayiş olunacaqdır.
AZƏRTAC xəbər verir ki, festivalın ilk günündə Dövlət Kukla Teatrında K.Kollodinin “Pinokkionun sərgüzəştləri”, Dövlət Rus Dram Teatrında isə İtaliyanın Kapra Balerrina Teatrı tərəfindən “Yuxuda” tamaşası nümayiş etdiriləcəkdir.
Noyabrın 10-da Böyük Britaniyanın Dorset Kukla Teatrı Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Asılmış vəziyyətdə”, Türkiyənin “Pəmbə Qurbağa” Kukla Teatrı isə Azərbaycan Dövlət Kukla Teatrında “Qaragözün yuxu səyahəti” tamaşalarını təqdim edəcəklər.
Uşaqlar noyabrın 11-də Dövlət Rus Dram Teatrının səhnəsində Macarıstanın İvetta Bojek Kukla Teatrı “Dörd fəsil”, Dövlət Gənc Tamaşaçılar Teatrında isə İtaliyanın Verde Burattini Teatrının “Bir kral var idi...” tamaşalarına baxa biləcəklər.
Festivalın daha bir iştirakçısı olan Xorvatiyanın “Zorin dom” Karloviç şəhər teatrı noyabrın 12-də Dövlət Rus Dram Teatrında “Vəfalı dostlar”ı təqdim edəcəkdir. Həmin gün Qax Dövlət Kukla Teatrı isə Azərbaycan Dövlət Kukla Teatrında Ə.Orucun “Zınqırovlu pişik” tamaşasını göstərəcəkdir.
İsveçrənin “Günyol” Marionet Teatrı “Mən danışmaq istəyirəm” tamaşasını noyabrın 13-də Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim edəcəkdir.
Noyabrın 14-də Rusiya Federasiyasının “Ekiyat” Tatar Dövlət Teatrı Dövlət Kukla Teatrında “Keçi və qoyun”, Bolqarıstanın Tarqoviştə Şəhər Kukla Teatrı isə Dövlət Rus Dram Teatrında “Ağca” tamaşalarını göstərəcəklər.
Noyabrın 15-də Yaponiyanın “Yuki” Teatrı “Bir nəfər üçün tamaşa”nı Dövlət Rus Dram Teatrında nümayiş etdirəcəkdir.
Festivalın sonuncu günündə - noyabrın 16-da Dövlət Kukla Teatrında A.Lindqrenin “Karlson” tamaşası göstəriləcəkdir.