İKT-NİN ÜZVÜ OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİ SƏNGƏÇAL TERMİNALINDA OLMUŞLAR
bp-nin və Dövlət Neft Şirkətinin nümayəndələri qonaqlara Azərbaycanda ümummilli lider Heydər Əliyevin neft strategiyasının reallaşdırılması istiqamətində 1994-cü ildən həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verdilər. 2001-ci ilin noyabrında tikintisinə başlanmış Səngəçal terminalının dünyada ən iri terminallardan biri olduğu bildirildi.
Terminalın Xəzər Enerji Mərkəzinin geniş salonunda Azərbaycanda neft strategiyasının uğurlarını əks etdirən film nümayiş etdirildi. Qonaqlar bu film vasitəsilə Xəzərin karbohidrogen ehtiyatları, “Azəri-Çıraq-Günəşli” yataqlarından Səngəçal terminalına çəkilən boru xətləri, terminalda tikilən irihəcmli neft çənləri, baş nasos stansiyası və s. barədə dolğun məlumat aldılar.
Sonra qonaqlar avtobuslarla terminalın ərazisini gəzdilər. Nəzarət-idarəetmə məntəqəsinin iş sistemi ilə tanışlıq zamanı məlumat verildi ki, Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərlərinin ölkə ərazisindəki hissələrində bütün prosesləri izləmək mümkündür və Azərbaycan nefti mayın 28-də BTC boru kəməri vasitəsilə Ceyhan terminalına çatdırılmış və oradan tankerlərə yüklənərək dünya bazarına çıxarılmışdır. Kəmərin illik ixrac gücü 50 milyon tondur. Bu yaxınlarda Qazaxıstan da BTC-yə qoşulmuşdur.
Əksəriyyəti neftlə zəngin olan ölkələrin nümayəndələri respublikamızda belə nəhəng bir terminalın tikilib istismara verilməsindən, BTC layihəsinin başa çatmasından məmnun qaldıqlarını bildirdilər.
Xarici diplomatlara hədiyyələr verildi, onlar terminalın kollektivi ilə birgə xatirə şəkli çəkdirdilər.