İlahiyyat İnstitutunda vebinar: Tarixi və dini baxımdan Aşura gününün əhəmiyyəti
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tarixi və dini baxımdan Aşura gününün əhəmiyyəti” mövzusunda vebinar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Hicri təqvimi ilə Məhərrəm ayının 10-cu gününün - Aşuranın İslam aləmində xüsusi önəmini diqqətə çatdırıb.
Daha sonra Aşuranın pandemiya dövrünə təsadüf etdiyini vurğulayan prorektor karantin rejiminin qaydalarına və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayı və Aşura günü ilə əlaqədar Azərbaycan müsəlmanlarına tövsiyələrinə əməl etməyin vacibliyini nəzərə çatdırıb.
“Tarixi və dini baxımdan Aşura gününün əhəmiyyəti” mövzusunda çıxış edən Aİİ-nin dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov Kərbəla faciəsinin tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, həmin gün İslam aləmində ali dəyərlər uğrunda mübarizənin nümunəsi kimi tarixə düşüb.
Məhərrəm ayında Mərkəzi Qan Bankının regional bölmələrində qan verməyin Aşura gününün mahiyyətinə uyğun ən gözəl nümunələrdən olduğunu diqqətə çatdıran Aslan Həbibov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu ay ərzində apardığı maaarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Vebinar suallar və müzakirələrlə davam edib.