İQTİSADİYYAT
İlin ilk rübündə Mərkəzi Bank 14 not hərracı keçirib
Bakı, 21 may, AZƏRTAC
Yanvar-mart aylarında Mərkəzi Bank tərəfindən 14 not hərracı keçirilib.
AZƏRTAC bankın "Pul siyasəti icmalı"na istinadla xəbər verir ki, bu hərracların 3-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 11-də isə 28 günlük notlar yerləşdirilib. Ümumilikdə, rübün sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 820 milyon manat təşkil edib. Notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub, nəticədə bu alətlər üzrə gəlirlilik faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə qərarlaşıb.
Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlilik pul bazarının vacib reprezentativ göstəricisinə çevrilməklə digər maliyyə alətləri üzrə faiz dərəcələrinə təsir göstərməkdədir. Eyni zamanda, Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərir. Birinci rübdə məcburi ehtiyat normaları dəyişməz saxlanılıb. Məcburi ehtiyat normalarının ortalama mexanizmi əsasında tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən amillərdən biri olub. Aparılmış monitorinqlərin nəticələrinə əsasən, hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələyib.