İDMAN
“İlin qalibləri-2018”in mükafatçıları müəyyənləşib
Bakı, 18 dekabr, AZƏRTAC
İdman Araşdırmalar Mərkəzinin (İAM) elan etdiyi “İlin qalibləri-2018” müsabiqəsinin nəticələri dekabrın 18-də açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıblar.
İAM-ın rəhbəri Elşən Məmmədov tədbirdə çıxış edərək layihənin altıncı dəfə təşkil olunduğunu deyib. O bildirib ki, cari ildə ölkəmiz gimnastika növləri üzrə müxtəlif irimiqyaslı yarışlara, cüdo üzrə dünya çempionatına, Formula 1 Azərbaycan Qran-Prisinə yüksək səviyyədə ev sahibliyi edib. İdmançılarımız beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edib, üçrəngli bayrağımızı dalğalandırıblar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qazanılan uğurların Azərbaycanda idmanın inkişafına dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, cari ildə Azərbaycanda 50-dək beynəlxalq turnir təşkil olunub. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq idman qurumları mötəbər yarışların təşkilində tərəddüd etmədən Azərbaycana etimad göstərirlər. Çünki Azərbaycan yüksək təşkilatçılıq bacarığı ilə həmişə fərqlənib. Bu ilin də Azərbaycan idmanı üçün uğurlu olduğunu vurğulayan İ.İsmayılov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib.
Sonra tədbirin təşkilinə göstərdikləri dəstəyə görə sponsorlara mükafatlar təqdim olunub.
Müsabiqənin nəticələrinə əsasən, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov “İlin idman xadimi”, Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatı isə “İlin idman yarışı” nominasiyalarında qalib elan edilib. Media ilə sıx və səmərəli əməkdaşlığa görə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təltif olunub. “Təmiz İdman” mükafatına Azərbaycan Milli Antidopinq Agentliyi, “Böyükağa Hacıyev” mükafatına isə baş məşqçi Samir Abasov layiq görülüblər.
Həmçinin Cavid İmamverdiyev (“Sumqayıt” / “Sabah”) 2017-2018-ci il mövsümünün futbolçusu, Mirabdulla Abbasov (“Neftçi”) ilin futbolçusu, Donald Gerye (“Qarabağ”) ilin əcnəbi futbolçusu, Qurban Qurbanov (“Qarabağ”) ilin baş məşqçisi, Eldəniz Əzizli (yunan-Roma güləşi) isə ilin idmançısı seçiliblər.
Təltif olunmalarına görə minnətdarlıqlarını bildirən Fərid Qayıbov, Nigar Arpadarai, Qurban Qurbanov, Samir Abasov və digərləri bundan sonra da əzmlə çalışacaqlarını vurğulayıblar.
Ardıcıl altı ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, informasiya dəstəkçisi “Report” agentliyidir. Müsabiqənin baş sponsoru “Topaz”, sponsoru isə “İL'Azero” şirkətidir.