İlin sonunadək Sabiha Gökçən hava limanı metro stansiyası istifadəyə veriləcək
İstanbul, 21 may, AZƏRTAC
Cari ilin sonunadək İstanbulun Asiya qitəsində yerləşən Sabiha Gökçən hava limanını şəhər mərkəzi ilə birləşdirəcək metro xəttinin açılması planlaşdırılır. Bundan əlavə şəhərin müxtəlif bölgələrində tikintisi davam edən daha iki metro xəttinin 2022-ci ilin sonuna qədər bitməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ölkənin Şimali Mərmərə avtomobil yolunun 7-ci hissəsinin açılış mərasimində bildirib. Dünyanın ən böyük layihələrini İstanbulda bir-bir açdıqlarını ifadə edən nazir Prezident Ərdoğanın rəhbərliyi ilə son illər ərzində şəhərin hər iki qitəsində Marmaray xətti, Avrasiya Tuneli, İstanbul Hava Limanı, Yavuz Sultan Səlim körpüsü və 91 kilometrlik metro xətti kimi bir çox nəhəng layihələrin həyata keçirildiyini xatırladıb.
Bildirilib ki, dəmir yolu xətləri ilə yanaşı şəhərin avtomobil yolları da yenilənib və ya yeni magistral yollar açılaraq istifadəyə verilib.
Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul