İDMAN
İlqar Rəhimov: Paytaxtımızda paracüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı keçiriləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Noyabrın 8-10-da Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatından əvvəl beynəlxalq həkimlərin iştirakı ilə 5 gün göz tibbi təsnifatı təşkil olunub. Çempionatdan sonra - noyabrın 11-15-də isə ölkələr üçün beynəlxalq təlim-məşq toplanışı baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.
Komitə prezidenti deyib: "Komanda üzvləri oyunlara fiziki və psixoloji cəhətdən hazırdırlar. Paracüdoçularımızın hazırlıq səviyyəsinin daha da artırılması məqsədilə yarışda iştirak edəcək idmançıların yerli təlim-məşq toplanışları davam etdirirlir.
Afrika ölkələrində paracüdoya marağın artırılmasının vacibliyini vurğulayan İ.Rəhimov vurğulayıb ki, bu nəzərə alınaraq bir neçə ölkə Bakıda keçiriləcək çempionata dəvət edilib. Dəvət edilən komandaların və digər Paralimpiya komitələri ilə imzalanmış memoranduma əsasən, bir neçə ölkənin, eyni zamanda Ukrayna milli komandasının xərcləri Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən qarşılanacaq.