İmişli fermerləri aqrar sığorta haqqında məlumatlandırılıblar
Bakı, 16 avqust, AZƏRTAC
Aqrar Sığorta Fondunun nümayəndələri ölkənin ən böyük heyvandarlıq rayonlarından olan İmişlidə təsərrüfatlarda olub, fermerlərlə görüşüblər.
Fonddan AZƏRTAC-a bildirilib ki, məqsəd heyvanların sığortası, onun əhatə etdiyi risklər, sığorta şərtləri və sığorta haqları barədə əhalini məlumatlandırmaqdır.
Rayonun Murquzalılı və Qaralar kəndlərindəki təsərrüfatlarda, eləcə də İmişli Rayon İcra Hakimiyyətində keçirilən görüşlərdə fermer və təsərrüfat sahiblərinə aqrar sığorta haqqında geniş məlumat verilib. Bildirilib ki, aqrar sığorta vasitəsilə südlük və ətlik mal-qara, eləcə də qoyun və keçi təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta heyvanları çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlər, yanğın, yoluxucu xəstəliklər, zəhərlənmə, 3-cü şəxsin hərəkəti kimi risklərdən qoruyur.
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov rayonun güclü iqtisadiyyatı, burada kənd təsərrüfatının rolu, İmişlidəki heyvandarlıq və bitkiçilik təsərrüfatları barədə geniş məlumat verib. İcra başçısının müavini bildirib ki, İmişli heyvandarlıq baxımından ölkənin ən böyük rayonlarından biridir. Burada 240 min xırdabuynuzlu, 180 min iri buynuzlu heyvan var, bu təsərrüfatların müxtəlif risklərdən qorunması üçün onların sığortalanması vacibdir.
Tədbirdə qeyd edilib ki, Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə heyvanların sığorta tarifləri azaldılaraq 5,2-8,2 faizə endirilib. Digər tərəfdən sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə 1000 manatlıq mal-qaranın sığortalanması fermerlərə cəmi 26-41 manata, qiyməti 300 manat olan qoyunların sığortası isə cəmi 8-12 manata başa gəlir.
Heyvanların aqrar sığortası fermerlərin böyük marağına səbəb olub, onlar sığortanın əhatə etdiyi risklər, sığorta haqları, ödəniş prosesi barədə çoxsaylı suallar verib, eləcə də heyvan sığortası ilə bağlı yeni təkliflər səsləndiriblər.
Fermerlərin sualları ətraflı cavablandırılıb, həmçinin hazırda heyvanların sığortası üzrə risklərin genişləndirilməsi üçün işlərin apardığı vurğulanıb.