İnam Kərimov: Müasir innovasiyaların inkişafında gənclərin rolu böyükdür
Bakı, 2 mart, AZƏRTAC
Müasir texnologiyaların bütün sahələrdə tətbiqi dövlətimizin siyasətinin əsas istiqamətlərindən birdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Kənd Təsərrüfatı naziri İnam Kərimov “Agro Hachathon 2020” müsabiqəsinin mükafatlandırma mərasimində bildirib.
İnam Kərimov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə üzərinə düşən vəzifələri icra edir və fermerləri dronlardan və sensorlardan daha geniş istifadə etməyə çağırır: “Bu, nazirliyin gördüyü işlərin bir qismidir. Bu işə gənclərin cəlb edilməsi də əsas məqsədlərimizdəndir. Müasir innovasiyaların inkişafında gənclərin rolu böyükdür. Ona görə də, bu işə gəncləri cəlb edirik”.
Nazir bildirib ki, ötən il aqrar sektor 7 faizdən çox inkişaf edib. Dövlətin bu sahəyə böyük diqqəti nəticəsində yüksək inkişafa nail olunub.
Qeyd edək ki, fevralın 29-dan martın 2-dək Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müasir istixana kompleksinin daxilində “AgroHackathon 2020” müsabiqəsi keçirilib. Müsabiqənin texniki tərəfdaşı “Microsoft” şirkətidir. “Hakaton” 24-72 saat müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllin tapılması və ya hazırlanması müsabiqəsidir.
“AgroHackathon 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar müvafiq olaraq 6060, 4040, 2020 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.