“İncəsənət sosial inkişafda vasitə kimi” mövzusunda ictimai təqdimat keçirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə “İnkişaf zamanı” proqramı çərçivəsində “İncəsənət sosial inkişafda vasitə kimi” adlı ictimai təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, beş ay müddətində həyata keçirilən layihə çərçivəsində sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsi məsələləri təşviq olunub. Azərbaycanın bölgələrini təmsil edən, ölkəmizdə və xaricdə müxtəlif universitetlərdə təhsil alan gənclər bir araya gələrək incəsənət vasitələrindən istifadə etməklə sosial problemləri işıqlandırıblar.
“İnkişaf zamanı” proqramının iştirakçıları inklüziv inkişaf, plastik məhsullardan istifadənin azaldılması, uşaqların məktəbdən yayınmaması, gender bərabərliyi, cəmiyyətdə formalaşmış zərərli stereotiplərin aradan qaldırılması, qadın hüquqları, uşaqların bədii yazı qabiliyyətinin formalaşması, gənclər arasında muzeylərə marağın artırılması mövzularında sosial təşəbbüslər həyata keçiriblər. İştirakçılar tərəfindən bütün bu mövzularda tamaşa, debat, intellektual oyun, hekayə və s. hazırlanıb. Bundan əlavə layihə çərçivəsində maarifləndirici qısametrajlı videoçarxlar da çəkilib.
Sonda layihə iştirakçıları diplomlarla təltif olunub.