İndira Hacıyeva: VI Robot Olimpiadasının əsas məqsədi gənclərimizin bu sahəyə marağını artırmaqdır
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakıda keçirilən respublika üzrə VI Robot Olimpiadasının əsas məqsədlərindən biri Azərbaycandakı gənclərin, yeniyetmələrin bu sahəyə marağını artırmaq, onların bu sahədə biliklərini genişləndirməkdir. Burada xüsusi olaraq gənclərimizə dəstək göstərən müəllimlərin əməyini xüsusi vurğulamaq istərdim. Çünki bu insanlarsız gənclərin bu sahəyə marağı da olmayacaqdı.
AZƏRTAC xəbər verir ki, bunu VI Robot Olimpiadasının açılış mərasimindən sonra gənclər və idman nazirinin müavini İndira Hacıyeva jurnalistlərə müsahibəsində deyib.
İ.Hacıyevanın sözlərinə görə, ilk dəfə Robot Olimpiadası təşkil etdikdə çox böyük çətinliklə ölkə üzrə yalnız 20-dək komanda və ancaq Bakıdan olan iştirakçılar toplanmışdı. İndi isə final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb. Dünya Robot Olimpiadasında isə 2 mindən çox komanda iştirak edəcək. Bu çox böyük rəqabətdir.
Bizim üçün kifayət qədər gözlənilməz və çox xoş hal oldu ki, Azərbaycanda təşkil olunan V Robot Olimpiadasından sonra ötən il Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında gənclərimiz “Gələcəyin innovatorları" nominasiyasında iki min komanda arasında üçüncü yerə layiq görüldülər. Digər tərəfdən həmin olimpiada gənclər üçün inamverici məsələ idi, yaxşı uğur idi. Qaliblər Sabunçu Gənclər Evinin yetirmələri idi. Onlar özləri gələrək robot sahəsində çalışmaq istəkdiklərini bildirmişdilər. Biz hazırda bu yolu addım-addım gedirik. Bu addımlar kifayət qədər uğurludur”, - deyə nazir müavini vurğulayıb.