İndoneziya Azərbaycan ilə müdafiə sahəsində əməkdaşlığa əhəmiyyət verir
Cakarta, 17 noyabr, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevin noyabrın 17-də bu ölkənin müdafiə naziri Ramizad Ryaçudu ilə görüşündə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. Diplomat, həmçinin Azərbaycan ilə İndoneziya arasında siyasi və iqtisadi sahələrdə münasibətlərin inkişafına görə Azərbaycan tərəfinin məmnunluğunu bildirib.
Görüşdə nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumatlar verilib, İndoneziyanın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.
R.Ryaçudu İndoneziyanın Azərbaycan ilə hər bir sahədə, o cümlədən müdafiə sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsində İndoneziya dövlətinin birmənalı mövqeyinin olduğunu qeyd edib və bildirib ki, İndoneziya münaqişənin sülh yolu ilə, sərhədlərin toxunulmazlığı və beynəlxalq səviyyədə tanınmış çərçivədə qalması şərti ilə həllinin tərəfdarıdır.
Görüşdə nazirə Azərbaycan və İndoneziya arasında müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsi təqdim olunub.
R.Ryaçudu layihənin baxılması və İndoneziya tərəfinin rəy və təkliflərinin qısa zamanda hazırlanıb səfirliyə göndərilməsi ilə əlaqədar nazirliyin müvafiq strukturuna göstəriş verəcəyini bildirib.
Görüşdə İndoneziya Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşları da iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta