İndoneziya Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir
İndoneziyanın vitse-prezidenti Yusuf Kala Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayev ilə görüşündə ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini söyləyib. O, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib, bundan istifadə etməyin önəmini qeyd edib.
Y.Kala 2013-cü ildə Azərbaycana səfərini xatırladıb, onda ölkəmiz haqqında zəngin təəssüratların yarandığını bildirib və yeni vəzifədə Azərbaycana bir daha səfər etmək istədiyini vurğulayıb. O, səfirliyin İndoneziyada fəaliyyətinə hər cür kömək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Vitse-Prezident İndoneziyanın enerji təhlükəsizliyinin yeni hökumətin işində vacib rol oynayacağını və bu sahədə digər neft və qaz istehsalçısı olan ölkələrlə birbaşa əlaqələrin yaradılmasına üstünlük verdiyini vurğulayıb. O, İndoneziyada neft hasilatının aparılmasına baxmayaraq, bu həcmin ölkənin ehtiyacını ödəmədiyini və digər dövlətlərdən ixrac olunduğunu qeyd edib. Y.Kala ölkəsinin bu sahədə Azərbaycan ilə birbaşa əlaqələrin yaradılmasında maraqlı olduğunu söyləyib.
Səfir T.Qarayev Azərbaycan ilə İndoneziya arasında siyasi, iqtisadi sahələrdə münasibətlərin inkişafının məmnunluq doğurduğunu bildirib, münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə inandığını söyləyib və bu istiqamətdə bərabər çalışacaqlarına əmin olduğunu vurğulayıb.
Diplomat görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında da ətraflı məlumat verib.
İndoneziyanın vitse-prezidenti Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında xəbərdar olduğunu bildirib. Y.Kala İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli mövqeyinin olduğunu söyləyib və bildirib ki, rəsmi Cakarta problemin sülh yolu ilə, sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.