DÜNYA
İndoneziya prezidenti yeni sunami təhlükəsi barədə xəbərdarlıq edib VİDEO
Bakı, 24 dekabr, AZƏRTAC
Yava adasının təbii fəlakətdən ən çox zərər çəkmiş sahilyanı rayonlarına səfər edən İndoneziya Prezidenti Coko Vidodo yeni sunaminin mümkünlüyü barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Detik News portalının yaydığı məlumata görə, prezident əhaliyə və yerli hakimiyyət orqanlarına yeni qurbanların qarşısını almaq üçün əllərindən gələni əsirgəməməyə çağırıb.
Bir qədər əvvəl İndoneziyanın görkəmli seysmoloqları yaxın vaxtlarda sunaminin təkrarlana biləcəyi barədə xəbərdarlıq ediblər. Onlar Cakartada keçirilən seminarda təbii fəlakət zonasında vulkan aktivliyinin davam etdiyini və sualtı sürüşmələrin mümkünlüyünü bildiriblər. Alimlərin fikrincə, sunamiyə məhz bu sürüşmələr səbəb olub.
Son rəsmi məlumatlara əsasən, dekabrın 22-də axşam saatlarında İndoneziya sahillərini vuran sunami nəticəsində həlak olanların sayı 281 nəfərə çatıb, 57 nəfər itkin düşüb, 3 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda təbii fəlakət zonasında axtarış-xilasetmə və təxliyə əməliyyatı davam edir. Ölənlərin sayının artması istisna olunmur.