İnfarkt və insultdan necə qorunmalı? – Mütəxəssis tövsiyələri
Bakı, 22 iyun, AZƏRTAC
Arterial hipertenziya artıq sadəcə “təzyiq xəstəliyi” kimi deyil, kompleks və idarə oluna bilən xroniki vəziyyət kimi qəbul edilir. Müasir yanaşmalar erkən diaqnostika, fərdiləşdirilmiş müalicə, davamlı nəzarət prinsiplərinə əsaslanır, bu isə ağırlaşmaların qarşısını almaqda əsas rol oynayır. Gələcəkdə hipertoniya ilə mübarizə dəqiq, texnoloji və daha fərdi olacaq. Süni intellekt, rəqəmsal monitorinq, biomarkerlər sayəsində biz xəstəliyi yalnız müalicə etməyəcək, onu əvvəlcədən proqnozlaşdırıb, qarşısını ala biləcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova bildirib.
O deyib ki, arterial hipertenziya dünyada ürək-damar xəstəlikləri, infarkt və insultun əsas risk amillərindən biri hesab olunur: “Mütəxəssislərin fikrincə, xəstəliyin vaxtında aşkarlanması və düzgün idarəolunması minlərlə insanın həyatını xilas edə bilər. Son illərdə hipertoniyanın diaqnostikası və müalicəsinə yanaşmalarda mühüm yeniliklər tətbiq olunub, süni intellekt və rəqəmsal texnologiyalar isə bu sahədə yeni imkanlar açır. Ən maraqlı dəyişikliklərdən biri süni intellektin tibdə tətbiqidir. Fərdi riskin dəqiq proqnozu bu istiqamətin əsas gələcək perspektivlərindən biridir. Nəzərdə tutulur ki, süni intellekt xəstənin bütün məlumatlarını analiz edərək infarkt və insult riskini daha dəqiq hesablayacaq. Eyni zamanda, erkən xəbərdarlıq sistemləri, məsələn, geyilə bilən cihazlar (smart saatlar və s.) təzyiq dəyişikliklərini izləyərək riskli vəziyyətləri əvvəlcədən xəbər verə bilər. Müalicənin fərdiləşdirilməsi məqsədilə hər xəstə üçün “ən uyğun dərman və doza” daha sürətli seçilə biləcəkdir”.
Xəstəliyin profilaktikasından danışan mütəxəssis bildirib ki, müasir yanaşma xəstəni bütöv şəkildə qiymətləndirməyə əsaslanır. “Yəni yaş, yanaşı xəstəliklər, lipid profili, diabet kimi faktorlar nəzərə alınaraq fərdi risk hesablanır və müalicə buna uyğun qurulur. Bundan əlavə, artıq daha erkən mərhələdə müdaxilə tövsiyə olunur. Aşağısəviyyəli təzyiq artımları belə diqqətə alınır və bu, ağırlaşmaların qarşısını almaqda çox vacibdir. İnsanlar çox vaxt “özümü yaxşı hiss edirəm, deməli problem yoxdur” deyirlər. Bu yanaşma olduqca təhlükəlidir, hipertoniya ilə bağlı ən böyük yanlış düşüncələrdən biridir. Təzyiq hiss olunmaya bilər, amma bu, o demək deyil ki, o zərər vermir. Hipertoniya damar divarlarını zədələyir, aterosklerozu sürətləndirir, nəticədə infarkt və insult riskini artırır. Əksər hallarda bu multifaktorial xəstəlikdir. Genetik meyillilik rol oynasa da, həyat tərzi əsas determinantdır. Həddindən artıq xörək duzu qəbulu, artıq çəki, fiziki passivlik, siqaret, alkoqol və xroniki stres hipertoniya riskini ciddi şəkildə artırır. Hipertoniya ilə mübarizədə ən güclü silah profilaktikadır”, - deyə o vurğulayıb.
Gülnaz Dadaşova bildirib ki, Avropa və Amerika kardiologiya cəmiyyətlərinin hipertoniyaya dair tövsiyələrində bir sıra yeniliklər təqdim edilib: “İlk olaraq daha erkən diaqnoz və daha sərt nəzarət tövsiyə olunur. Yeni yanaşmalarda artıq daha aşağı təzyiq göstəricilərində belə risk qiymətləndirilir və erkən müdaxilə məsləhətdir. Bu yanaşma riskə əsaslanan yanaşmadır. Belə ki, təkcə təzyiq rəqəmi deyil, xəstənin ümumi ürək-damar riski (yaş, diabet, lipidlər və s.) nəzərə alınır. Bununla yanaşı, ev ölçmələri və 24 saatlıq monitorinq ön plandadır, klinik ölçmədən daha etibarlı hesab olunur, müalicə qərarlarında daha çox istifadə edilir. Kombinə müalicəyə erkən başlanğıc bu tövsiyələrin tərkibində mühüm yer tutur. Həyat tərzi müalicənin əsasıdır. Belə ki, tövsiyələr bunu artıq “əlavə” yox, müalicənin əsas hissəsi kimi qəbul edir”.