Qlobal bərpaolunan enerjinin quraşdırılma gücü ötən ilin sonunda rekord göstəriciyə çatıb
Bakı, 22 iyun, AZƏRTAC
Qlobal miqyasda bərpaolunan enerjinin quraşdırılma gücü ötən ilin sonunda 5,15 teravata çatıb. Bu göstərici 2030-cu il üçün hədəflənən 11,17 teravat təmiz enerji tutumunun demək olar ki, yarısı deməkdir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qlobal bərpaolunan enerjinin quraşdırılmış gücü 5 teravatı keçərək 2030-cu il hədəfinin yarısına yaxınlaşır.
Beynəlxalq hesabatlara görə, bərpaolunan enerji mənbələrindən elektrikləşdirmə ən sürətli, genişmiqyaslı və səmərəli həllərdən biri kimi seçilir. Ötən dövrdə 511 giqavat quraşdırılmış əlavə güc ilə Günəş enerjisi lider mövqedə qərarlaşıb, ardınca isə 159 giqavatla külək enerjisi yer alıb. Bu iki mənbə bərpaolunan enerji artımının 97 faizini təşkil edib. Yerdə qalan artım isə hidroelektrik, bioenerji və geotermal enerji kimi mənbələrdən qaynaqlanıb.
Nəqliyyatda, sənayedə, binalarda və rəqəmsallaşmada enerji tələbatının sürətlə artması ilə enerji keçidinin bərpaolunan enerji mənbələrinin xeyrinə sürətlənəcəyi gözlənilir. Son illərdə bərpaolunan enerji sektorunda qurğuların sürətlənməsinin əsas səbəbi, xüsusən də Günəş və külək texnologiyalarında xərclərin azalması səbəbindən quraşdırma sürətinin əhəmiyyətli dərəcədə artmasıdır. Bir çox ölkədə Günəş panelləri və külək turbinləri artıq yeni qazıntı yanacaq elektrik stansiyalarından daha ucuz olduğundan, dövlət və özəl sektor investisiyaları bu sahələrə yönəlib. Günəş enerjisi əlavə gücün ən sürətli və ucuz mənbəyinə çevrilib.
Qeyd edək ki, Dubayda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında 2030-cu il üçün qlobal bərpaolunan enerjinin quraşdırılma gücü üzrə hədəf 11,17 teravat olaraq müəyyən edilib.