Qazaxıstan dəmir yolları və beynəlxalq dəhlizlər üçün vahid rəqəmsal şəbəkə yaradacaq
Astana, 22 iyun, AZƏRTAC
Qazaxıstan dəmir yolları və beynəlxalq nəqliyyat dəhlizləri üçün vahid rəqəmsal LTE-R şəbəkəsi yaradacaq.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti ASC-yə istinadla xəbər verir ki, layihə “Transtelecom” ASC ilə birgə həyata keçirilir. Yeni şəbəkə ölkə daxilində nəqliyyat proseslərinin, dəmir yolu infrastrukturunun və hərəkət heyətinin idarə olunması üçün rəqəmsal platforma qismində xidmət edəcək.
Layihəyə Qazaxıstanın 20 min kilometrdən çox dəmir yolu xətti boyunca rəqəmsal rabitə şəbəkəsinin yaradılması və təxminən 3 min LTE-R radio rabitə qurğusunun tikintisi daxildir.
Yeni infrastruktur lokomotivlər, dispetçer mərkəzləri, avtomatlaşdırma sistemləri və dəmir yolu infrastrukturu obyektləri arasında real vaxt rejimində məlumat ötürülməsinə imkan verəcək.
Şirkət qeyd edib ki, layihə Qazaxıstanın nəqliyyat və logistika potensialının inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Şəbəkə Qazaxıstanı Çin, Mərkəzi Asiya, Qafqaz, Rusiya və Avropa ilə birləşdirən əsas tranzit marşrutlarını əhatə edəcək.
Qlobal təcrübə göstərir ki, dəmir yolu nəqliyyatında rəqəmsal texnologiyaların tətbiqi infrastruktur tutumunu 15-30 faiz artıra, təhlükəsizliyi yaxşılaşdıra və yeni dəmir yolu xətlərinin genişmiqyaslı tikintisinə ehtiyac olmadan əməliyyat xərclərini azalda bilər.
Layihənin həyata keçirilməsi vahid rəqəmsal dəmir yolu ekosistemi yaradacaq, nəqliyyat infrastrukturunun səmərəliliyini artıracaq, habelə Qazaxıstanın Avrasiyada əsas nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirəcək.