Daşkənddə “Bakı Prosesi” çərçivəsində Azərbaycan–Özbəkistan mədəni əlaqələri təqdim olunub
Bakı, 22 iyun, AZƏRTAC
Özbəkistandakı səfirliyimizin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu il Azərbaycanda təşkil olunacaq VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bakı Prosesi: Azərbaycan–Özbəkistan dostluq əlaqələrində mədəni dialoqun rolu” mövzusunda təqdimat tədbiri keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Özbəkistanın müxtəlif ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti, ictimaiyyət və media nümayəndələri, tələbələr, eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli “Bakı Prosesi”nin beynəlxalq əhəmiyyətindən bəhs edərək bildirib ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun inkişafına, xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın və humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm qlobal platformadır. O qeyd edib ki, Azərbaycan və Özbəkistan kimi tarixi, mədəni və mənəvi yaxınlığa malik iki dost ölkə arasında münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində bu modelin uğurlu nümunələrindən birinə çevrilib. Çıxışda Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platformalarına təşəbbüs göstərməsi və ev sahibliyi etməsinin təsadüfi olmadığı vurğulanıb. Bildirilib ki, COP29-un Bakıda keçirilməsi, eləcə də XIII Ümumdünya Şəhərsalma Forumuna — WUF13-ə Azərbaycanın ev sahibliyi etməsi ölkənin beynəlxalq əməkdaşlıq, davamlı inkişaf, mədəni dialoq və qlobal humanitar təşəbbüslər sahəsində artan rolunun göstəricisidir.
Təqdimatda “Bakı Prosesi”nin yaranma tarixi, konseptual əsasları və mədəniyyətlərarası dialoq mexanizmi kimi əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” müxtəlif ölkələri və mədəniyyətləri bir araya gətirən, səmərəli dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığa geniş imkanlar yaradan mühüm beynəlxalq təşəbbüsdür.
Həmçinin tədbirdə mədəni əməkdaşlığın Azərbaycan–Özbəkistan münasibətlərinin daha da dərinləşməsində rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, mədəniyyət günləri, sərgilər, konsertlər, ədəbi görüşlər və birgə layihələr iki xalq arasında yaxınlığın, qarşılıqlı etimadın və müsbət imicin güclənməsinə mühüm töhfə verir. Bu baxımdan mədəni dialoq Azərbaycan və Özbəkistan münasibətlərinə humanitar məzmun qazandıran, dostluq əlaqələrini möhkəmləndirən və əməkdaşlığın davamlı inkişafını təmin edən vacib amillərdən biri kimi qiymətləndirilib.
Çıxışlarında “Bakı Prosesi”nin Azərbaycan–Özbəkistan münasibətlərində mühüm humanitar platforma kimi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, xalqlar arasında mənəvi yaxınlıq və mədəni əməkdaşlıq münasibətlərin dayanıqlılığını təmin edən əsas şərtlərdən biridir.
Sonda vurğulanıb ki, “Bakı Prosesi” müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqu təşviq edən mühüm beynəlxalq bir proqram olmaqla yanaşı, Azərbaycan–Özbəkistan münasibətlərində də dostluq, qarşılıqlı etimad və mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verir.