Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur: ikisi xarici ölkə vətəndaşıdır
Bakı, 22 iyun, AZƏRTAC
Bu il Azərbaycan İlahiyyat İnstitutu üzrə 59 tələbə məzun olur. Məzunların 55-i bakalavriat, 4-ü isə magistratura səviyyəsində təhsilini başa vurub. Magistratura məzunlarından ikisi xarici ölkə vətəndaşıdır. Bu göstərici institutda təkcə Azərbaycandan deyil, xaricdə yaşayan soydaşların da təhsil aldığını nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov "Məzun günü” tədbirində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu il ilk dəfə olaraq institutun nəzdində fəaliyyət göstərən Bakı İlahiyyat Kolleci də məzunlarını yola salır. Kollecin ilk məzun buraxılışında 15 tələbə təhsilini başa vurub. Bakı İlahiyyat Kolleci dini təhsildə ardıcıllığın təmin olunması məqsədilə yaradılıb. Kolleci bitirən tələbələr təhsillərini daha yüksək səviyyədə Azərbaycan İlahiyyat İnstitutunda davam etdirə bilirlər.
Aqil Şirinov vurğulayıb ki, institutun məzunları müxtəlif dövlət qurumlarında, eləcə də dini ocaqlarda imam, imam müavini və dini ayinlərin icraçısı kimi fəaliyyət göstərirlər. Onlar, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunda işlə təmin olunmaq imkanı əldə edirlər. Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi din sahəsində peşəkar, dövlətçilik prinsiplərinə sadiq və vətənpərvər kadrlar hazırlamaqdır.