Şərurda 450 hektar kartof və soğan əkini ərazisində müasir suvarma sistemləri tətbiq olunub
Şərur, 22 iyun, AZƏRTAC
Şərur rayon üzrə, ümumilikdə, 81 min 518 hektar torpaq sahəsi mövcuddur ki, ondan 38 min 33 hektarı dövlət, 30 min 13 hektarı bələdiyyə, 13 min 472 hektarı isə xüsusi mülkiyyətə aiddir. Ümumilikdə, torpaq fondunun 15 min 725 hektarı əkinəyararlı torpaq sahələridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şərurda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair regional müşavirədə çıxışı zamanı Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov deyib.
O qeyd edib ki, cari ildə əkin aparılan 861 hektar kartof və soğan sahələrinin 450 hektarında müasir suvarma sistemləri tətbiq olunub.
“Əkin sahələrindən götürülən məhsuldarlıq göstəricilərinin həcminə nəzər salsaq, 2025-ci ildə sahələrdən 8467,8 ton və ya hər hektara 34,3 sentner dənli və dənli-paxlalılar, 6318,7 ton və ya hər hektara 85,4 sentner dən üçün qarğıdalı, 18 min 594,3 ton və ya hər hektara 182,7 sentner tərəvəz məhsulları, 17 min 825,8 ton və ya hər hektara 302,5 sentner kartof, 892 ton və ya hər hektara 124,4 sentner bostan məhsulları əldə olunub. Əlavə olaraq, ötən il rayon üzrə 15 min 716,2 ton meyvə və giləmeyvə məhsulları və 516 ton üzüm yığılıb", – deyə Kamal Cəfərov əlavə edib.
Müxbir – Nail Əsgərov