İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında parlament əməkdaşlığı gücləndirilir
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində təşkilatın İcraedici Komitəsinin 56-cı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İƏT-ə üzv dövlətlərin parlament nümayəndə heyətlərinin rəhbərləri, üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass açılış nitqində tədbirin əhəmiyyətindən bəhs edib. O, üzv ölkələr arasında parlament əməkdaşlığının gücləndirilməsinin və birgə təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov isə bildirib ki, təşkilatın yaradılmasına rəvac verən və ölkələri bu təsisat ətrafında birləşdirən fundamental şərtlər əvvəldən bəri dəyişməz olaraq qalır. Bunlar bir yerdə olmaq və ölkələrimizi, dövlətlərimizi, xalqlarımızı narahat edən və düşündürən suallara kollektiv şəkildə cavab tapmaqdır.
İclasda İƏTPİ Konfransının 20-ci sessiyasının gündəliyi, tədbirin proqramı və digər təşkilati məsələlər nəzərdən keçirilib.