Ceyhun Cəlilov: Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir
Şərur, 22 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir. Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində muxtar respublika fermerləri və sahibkarları üçün dövlət dəstəyi mexanizmləri, vergi və gömrük güzəştləri, daşınma xərclərinin subsidiyalaşdırılması, eləcə də digər stimullaşdırıcı tədbirlərin əhatəsi daha da genişləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şərurda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair regional müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov deyib.
Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına əlavə təkan verəcək.
Ceyhun Cəlilov, həmçinin qeyd edib ki, Dövlət Proqramının uğuru yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də özəl sektorun fəal iştirakı ilə təmin olunacaq. Aqrar sahəyə qoyulan hər bir investisiya ölkənin ərzaq təhlükəsizliyinə, regionların inkişafına və gələcək rifahına xidmət edir.
Müxbir – Nail Əsgərov